“Torpaqlarımızı işğaldan azad etmək üçün hərbi gücdən istifadə edə bilərik” Siyasət

“Torpaqlarımızı işğaldan azad etmək üçün hərbi gücdən istifadə edə bilərik”

Fikrət Sadıqov: BMT-nin qətnamələri, digər ali qurumların bu istiqamətdə olan sənədləri, bəyanatları buna imkan verir"

"Düşünürəm ki, Ermənistanın zəbt etdiyi torpaqları işğaldan azad etmək üçün kifayət qədər hüquqi baza toplaya bilmişik. Bu da Azərbaycan prezidentinin, diplomatiyamızın beynəlxalq müstəvidə yürütdüyü düzgün siyasətin nəticəsində gerçəkləşib. Biz heç kəsə müharibə etmək fikrində deyilik. Torpaqlarımızı işğaldan azad etmək üçün hərbi gücdən istifadə etməyə məcbur qalsaq belə, müharibə elan etməyəcəyik. Biz sadəcə olaraq öz torpaqlarımızı işğalçılardan azad etmək üçün əməliyyatlar apara bilərik". Bunu politoloq Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, əgər hər hansısa bir dövlət, lap elə aparıcı dövlətlər, BMT-nin qətnaməsi olmadan hansısa bir ölkəyə daxil olursa, müdaxilə edirsə, onda biz niyə BMT Təhlükəsizlik Şurasının qətnamələri ola-ola torpaqlarımızı azad etməyək?! Bilirik ki, aparıcı ölkələr bu cür qətnamələr olmadan başqa regionun ərazisinə daxil olurlar. Çünki həmin ölkələr hesab edir ki, digər dövlətlərin təhlükəsizliyini təmin edirlər. Əlbəttə, bizim də öz torpaqlarımızı işğaldan azad etmək üçün hərbi gücə baş vurmaq hüququmuz var: "Bu cür addım atmağa bizə BMT-nin qətnamələri, digər ali qurumların bu istiqamətdə olan sənədləri, bəyanatları imkan verir. Hətta deyərdim ki, BMT-nin qətnamələri kifayət qədər əsaslı sənədlərdir. Özü də bir yox, iki yox, dörd qətnamə qəbul edilib. Yəni, dörd qətnamə qəbul olunursa, bu bizim xeyrimizə olan amildir. Orada konkret olaraq ermənilərin işğal etdiyi rayonların adı çəkilir. Biz niyə bundan çəkinməliyik, deməli, torpaqlarımızı azad etmək üçün tutarlı hüquqi baza mövcuddur. Buna görə bizi heç kim qınaya bilməz. Düşünürəm ki, torpaqlarımızı işğaldan azad etməyə bizim tam şəkildə hüququmuz çatır. Bu hüquqdan heç bir zaman imtina etməməliyik".
Politoloq bildirib ki, bir neçə sənəd var ki, onlar Dağlıq Qarabağ münaqişəsinin istənilən yolla nizamlanmasında əsas hüquqi bazalardan sayıla bilər. Fikrət Sadıqov bildirib ki, BMT-nin Baş Assambleyasında vaxtilə işğal olunmuş torpaqlarda vəziyyət məsələsi müzakirə olunmuşdu. Politoloq hətta həmin sessiyada bizim xeyrimizə qətnamə qəbul edildiyini də xatırladıb: "AŞPA-da da bizim xeyrimizə qətnamə qəbul olunub. Bütün beynəlxalq qurumlarda olduğu kimi burada da bizim ərazi bütövlüyümüz tanınır. Üstəlik, erməni tərəfinə müraciət olunur ki, işğal etdikləri ərazilərdən dərhal çıxsınlar. Amerikanın Ermənistandakı səfirinin bir neçə gün bundan əvvəl verdiyi bəyanatı da yadınıza salmaq istəyirəm. Səfir açıq şəkildə bəyan etdi ki, mən başa düşmürəm, indiyə qədər dərk etmirsiniz ki, Azərbaycanın torpaqlarını işğaldan azad etmək lazımdır. Yoxsa, heç vaxt Dağlıq Qarabağ məsələsi həll olunmayacaq. Səfir bildirdi ki, Ermənistan silahlı qüvvələrinə məxsus bölmələr işğal olunmuş ərazilərdən çıxmayınca, bu münaqişə həllini tapmayacaq. Bu açıqlama hətta qalmaqala səbəb oldu. Zaxarova və başqa rusiyalı rəsmilər də bu bəyanata açıqlama verməyə məcbur qaldılar. Amma amerikalı səfir həqiqəti dedi. Bu məqamlar bizim mövqeyimizi gücləndirir. Bizə öz torpaqlarımızı azad etməyə tam şəkildə hüquq verir. Əgər ermənilərin xeyrinə belə bir şey qəbul olunsaydı indi bağırıb aləmə car çəkərdilər. Bütün dünyaya bəyan edərdilər ki, təcavüzə məruz qalıblar. Onlar 100 il əvvəl olmuş xırda toqquşmalardan qondarma soyqırım düzəldiblər. Əgər belə bir qətnamələr onların xeyrinə olsaydı, o zaman bütün beynəlxalq təşkilatları ayağa qaldırmışdılar. Amma Azərbaycana gələndə bəzi aparıcı dövlətlər ikili standartlara əl atırlar".