Münaqişənin həlli bizim üçün mühüm əhəmiyyət kəsb edir Siyasət

Münaqişənin həlli bizim üçün mühüm əhəmiyyət kəsb edir

Con Bolton: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına sadiq qalacaq"

Azərbaycanın beynəlxalq enerji bazarında faydalı rolunu davam etdirməsi ABŞ üçün böyük əhəmiyyət kəsb edir.
Bunu Bakıda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mətbuat konfransında deyib.
Con Bolton qeyd edib: "Bu mənim Azərbaycana ilk səfərimdir. Bildiyim qədər ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri kimi ilk olaraq Azərbaycana mən gəlmişəm. Səfərim çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlər zamanı geniş müzakirələr apardıq. O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlıq, Cənub Qaz Dəhlizi məsələlərini müzakirə etdik. Biz Azərbaycanın beynəlxalq enerji bazarında oynadığı mühüm rolu da müzakirə etdik. Azərbaycanın bu sahədə öz faydalı rolunu davam etdirməsi bizim üçün böyük əhəmiyyət kəsb edir".
Müşavir vurğulayıb ki, Azərbaycan alternativ enerji mənbələrini təmin etməkdə mühüm rol oynayır: "Eyni zamanda, biz Azərbaycanla ABŞ hökuməti arasında əməkdaşlığı, o cümlədən qlobal terrorçuluğa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə tərəfdaşlığımız barədə fikir mübadiləsi apardıq".
Con Bolton ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına sadiq qalacağı da vurğulayıb.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda sülhün bərqərar olmasına, eyni zamanda beynəlxalq müstəvidə də öz təsirini göstərə bilər: "Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli strateji nöqteyi-nəzərdən bizim üçün də mühüm əhəmiyyət kəsb edir".
Müşavir Azərbaycandan sonra Ermənistana səfər edəcəyini bildirib: "Ümid edirəm ki, Ermənistan rəsmiləri ilə görüşlər keçirərək Yerevan tərəfinin də Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baxışları ilə tanış olacağam. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və bu istiqamətdə fəaliyyət göstərərək münaqişənin dinc yolla həllinin tapılması istiqamətində sadiqliyimizi nümayiş etdirməyə davam edəcəyik".