Rusiya XIN-dən növbəti riyakarlıq Siyasət

Rusiya XIN-dən növbəti riyakarlıq

Rusiya XİN-in "ümumi dəyərləndirməsində" ABŞ administrasiyası rəsmisinin işğalçı İrəvandan nizamlanma yönündə konkret addım gözləməsi Ermənistanın "daxili işinə müdaxilə" sayılır

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində İrəvanda səsləndirdiyi bəyanatlara münasibət bildirib.
Rusiya XİN Boltonun dediklərini vətəndaş cəmiyyətinin və mətbuat azadlığının möhkəmləndirilməsi üçün Amerikanın İrəvandakı səfiri Riçard Millsin Ermənistana 26 milyon dollar yardım ayrılacaği ilə bağlı vədilə müqayisə edərək, nədənsə bunu daxili işə müdaxilə adlandırıb.
"Düşünmək olardı ki, artıq daxili işlərə birbaşa müdaxilədən heç nə il fərqlənməyən daha böyük təkəbbür mövcud deyil. Amma görünür, yanılmışıq. Bu günlərdə İrəvana səfər edən ABŞ prezidentinin köməkçisi Con Bolton açıq şəkildə Ermənistandan beynəlxalq münasibətlərindəki ( xüsusən də, burada söhbətin Rusiya ilə ənənəvi dostluqdan getdiyi gizlədilmədi) "tarixi stereotiplərdən" imtina etməyi tələb etdi. O, həmçinin bəyan etdi ki, ölkədə keçiriləcək parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Paşinyandan təşəbbüskar addımlar gözləyir. Əlbəttə ki, ABŞ silahlarını da reklam etməyi unutmadı və onun fikrincə, Ermənistan rus silahları əvəzinə Amerikanınkıları əldə etməlidir", – deyə Rusiya XİN-in bəyanatında deyilib.
Lakin bu bəyanatda diqqət çəkən məqam odur ki, Rusiya XİN-in "ümumi dəyərləndirməsində" Dağlıq Qarabağ münaqişəsinin həllinə dair öhdəlik götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan ABŞ administrasiyası rəsmisinin işğalçı İrəvandan nizamlanma yönündə konkret addım gözləməsi Ermənistanın "daxili işinə müdaxilə" sayılır. Bu isə ciddi suallar doğurmaya bilməz...