ABŞ-ın Ermənistandakı səfirindən müəmmalı açıqlama Siyasət

ABŞ-ın Ermənistandakı səfirindən müəmmalı açıqlama

"Dağlıq Qarabağın yekun statusu öz iradəsini azad ifadə etmə vasitəsilə müəyyənləşəcək"

ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının münaqişənin həlli ilə bağlı 6 elementdən biri olduğunu bəyan edib. APA-nın xəbərinə görə, C. Heffern bunu "News.am" saytına açıqlamasında deyib.
Səfir bildirib ki, bu rayonların ilk növbədə qaytarılmasından söhbət getmir: "Bu, münaqişənin yekun həlli çərçivəsində nəzərdə tutulur. Razılaşdırılmış 6 elementə əsasən Dağlıq Qarabağın yekun statusu öz iradəsini azad ifadə etmə vasitəsilə müəyyənləşəcək. Sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılacaq. Mənim sözlərimdə yeni heç nə yoxdur".
Həmin ərazilərin geri qaytarılmasının müqabilində erməni tərəfinə təhlükəsizlik təminatı verilməsini vacibliyi barədə sualı cavablandıran diplomat bildirib ki, 6 elementə beynəlxalq sülhməramlı qüvvələr də daxildir: "Hansı təşkilatların və ya ölkələrin qüvvələrinin sülhməramlı missiyaya cəlb olunacağı tərəflər arasındakı danışıqların predmetidir. Əlbəttə, erməni tərəfinin əraziləri qaytarmasından əvvəl müəyyən təhlükəsizlik təminatlarının və beynəlxalq sülhməramlı qüvvələrin olması vacibdir".