“İspaniya Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir” Siyasət

“İspaniya Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir”

"İspaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir".
Bunu İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib.
O bildirib ki, İspaniya münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
Diplomat qeyd edib ki, Madrid prinsipləri İspaniyanın bu məsələdə mövqeyini əks etdirir – münaqişənin güc tətbiq olunmadan sülh yolu ilə nizamlanması, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət və məcburi köçkünlərin öz torpaqlarına qayıtması hüququ.
Azərbaycan və İspaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə danışan İ.Sançes Taboada deyib ki, ölkələr təkcə ikitərəfli yox, həm də çoxtərəfli formatlarda möhkəm əlaqələrə malikdir.
İ.Sançes Taboada bildirib ki, İspaniya Avropa İttifaqının üzvüdür və Azərbaycanın da iştirak etdiyi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində çox aktiv fəaliyyət göstərir:
"Əməkdaşlığın mühüm hissəsi Avropa Şurası və ATƏT kimi Avropa institutları ilə əlaqəlidir".
Diplomat qeyd edib ki, İspaniya və Azərbaycan BMT-nin dəyər və prinsiplərini bölüşərək bu təşkilatın institusional strukturları (Baş Assambleya, Təhlükəsizlik Şurası, İnsan Haqları Şurası və b.) çərçivəsində ənənəvi əməkdaşlıq edirlər:
"Biz Ümumdünya Turizm Təşkilatı, Beynəlxalq Elektrik Rabitəsi Birliyi kimi bir çox beynəlxalq təşkilatların müxtəlif orqanlarında iştirak edərək bir-birimizi dəstəkləyirik. Azərbaycan və İspaniya çox sıx siyasi münasibətlərə malikdir. Bizdə ikitərəfli gündəlikdə hər hansı fikir ayrılığı yoxdur. Biz müxtəlif beynəlxalq forumlarda qarşılıqlı olaraq bir-birimizi dəstəkləyirik".