“Qafqazda əmin-amanlığın mövcudluğunda Azərbaycanın rolu danılmazdır” Siyasət

“Qafqazda əmin-amanlığın mövcudluğunda Azərbaycanın rolu  danılmazdır”

Sahib Alıyev: "Azərbaycan Şimali Qafqaz regionuna indiyədək yüz milyonlarla dollar yatırım qoyub"

"Prezident İlham Əliyev tərəfindən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun qəbulu Azərbaycanın regionda oynadığı rolu bir daha göz önünə sərən son dərəcə anlamlı, ibrət götürüləsi və təbii ki, nəticə çıxarılası bir görüş idi. Görüşdə də vurğulandığı kimi, bütövlükdə Qafqazda əmin-amanlığın mövcudluğunda Azərbaycanın rolu mühüm və danılmazdır. Təkcə o faktı demək yetir ki, Rusiya Federasiyasının işsizliyin ən yüksək olduğu Şimali Qafqaz regionuna Azərbaycan indiyədək yüz milyonlarla dollar yatırım qoyub". Bu fikirləri millət vəkili, politloq Sahib Alıyev səsləndirib. O deyib ki, məhz bu yatırımların hesabına minlərlə iş yeri açılıb ki, bu da orada həm iqtisadi, həm də ictimai-siyasi duruma təsirsiz qalmır. Onun bildirdiyinə görə, ümumiyyətlə, rusiyalı strateqlər həmişə bu fikirdə olublar ki, Güney Qafqazda Rusiyaya yanaşma nə qədər yaxşı olacaqsa, Quzey Qafqazda vəziyyətə Moskvanın maraqları baxımından bir o qədər müsbət təsir edəcək: "Biz ötən əsrin 90-cı illərində də gördük, indi də görürük ki, həqiqətən də belədir. Heç təsadüfi deyil ki, cənab İlham Əliyev də Ramzan Kadırovla görüşdə Qafqazın o tayındakı respublikalar, o sıradan da Çeçenistanla əlaqələri Azərbaycan-Rusiya strateji əməkdaşlığı çərçivəsində dəyərləndirdi. Ümid edirəm ki, Azərbaycanda terrorçu kimim tanınan Bako Saakyanın Rusiyaya səfərinə, Dağlıq Qarabağdakı separatçı rejimin Moskvada "təmsilçiliyinin" olmasına göz yumub şərait yaradanlar, ölkəmizin parçalanmasına çalışanlara digər dəstəklərini də əsirgəməyənlər bundan nəticə çıxaracaqlar. Və regionda azərbaycanlılarla haylara yanaşmanın kökündə 300 il bundan öncənin sterotipləri deyil, indiki reallıqlar duracaq. Belə olduqda bu, Azərbaycan-Rusiya əlaqələrini daha da dərinləşdirməklə yanaşı, bütövlükdə Qafqazda əmin-amanlığın möhkəmlənməsinə və dayanıqlı xarakter almasına səbəb olacaq. Və bundan həm Moskva, həm də bütün Qafqaz xalqları udacaq, hətta öz işğalçılıq siyasətinin girovuna çevirilərək 27 ildir ki, ancaq ianələr hesabına "dövlət" saxlayan haylar da". Millət vəkili Eldəniz Səlimov da R. Kadırovun səfərini, iki lider arasında səmimi dostluq münasibətlərini müsbət qiymətlərdiyini bildirib və əlavə edib ki, münasibətlərin bu səviyyəsi bütövlükdə qafqazların təhlükəsizliyinə, sülhün və əmin-amanlığın təmin edilməsinə xidmət edir: "Hesab edirəm ki, bölgəmizdə münasibətlər, əlaqələr nə qədər normal və arzuolunan səviyyədə olarsa, təhlükəsizliyə, sabitliyə də bir o qədər müsbət töhfə verər. Çox təəssüflər olsun ki, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərindən qafqazlar qaynar qazana, barıt çəlləyinə döndü, belə demək mümkünsə, donduruldu. Bu çoğrafiyada milli, etnik zəmində münaqişə, qarşıdurma yaşamayan elə bir xalq, dövlət qalmadı. Günahsız insanlar məkrli dairələr tərəfindən yaradılan barıt çəlləklərinin, münaqişələrin qurbanına çevrildi, öz yurd-yuvalarından oldu. Hələ də yaralar tam sağalmayıb, münaqişə ocaqları yenə də qalmaqdadır. Həmin münaqişə ocaqlarından biri də 30 ildən bəri məruz qaldığımız Qarabağ münaqişəsidir. Çeçenlərin də, Çeçenistanın da problemləri hələ qalmaqdadır, burada da tez-tez terraktlar, qanlı hadisələr baş verir və sair. Yəni, bunları deməkdə məqsədim odur ki, bu bölgədə, qafqazlarda sülhün, təhlükəsizliyin təmin edilməsinə yönələn bütün addımlar, bütün çağırışlar müsbətdir, əhəmiyyətlidir və dəstəklənməlidir. Bundan qazanan yalnız və yalnız bizlər, xalqlarımız olur. Oldur ki, çeçen liderinin də Azərbaycan səfərini müsbət hadisə sayır, bunun həm də böyük və şimal qonşumuz olan Rusiya ilə gündən-günə yaxşılaşan münasibətlərə müsbət töhvə verəcəyi qənaətində, düşüncəsində olduğumu qeyd edirəm".