“Ana dilimiz azərbaycançılıq ideologiyasının mühüm elementidir” Siyasət

“Ana dilimiz azərbaycançılıq ideologiyasının mühüm elementidir”

Əli Həsənov: Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir


Dekabrın 5-də Elektron Mediaya Yardım Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış monitorinqin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan konfransda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, AMEA-nın Folklor İnstitunun direktoru, akademiki Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, BDU-nun dilçi alimləri, ölkə televiziyalarının rəhbər şəxsləri, habelə KİV nümayəndələri iştirak ediblər.
MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli hazırda Azərbaycan dilinin inkişafı üçün hərtərəfli imkan yaradıldığını qeyd edib. Bildirib ki, vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dilinin konstitusiyada dövlət dili kimi qəbul olunması dilimizə olan diqqətin göstəricisidir. Prezident İlham Əliyev də Azərbaycan dilinə böyük önəm verir. Ana dilinin qorunmasına dair imzalanan Sərəncam buna bariz nümunədir. Nuşirəvan Məhərrəmli qeyd edib ki, Milli Televiziya və Radio Şurası teleradio məkanında dövlət dilimizin qorunmasına xüsusi diqqət yetirir. Vaxtaşırı təşkil olunan bu cür monitorinqlər ümumi işimizə böyük fayda verir. Teleradiolarda ədəbi dillə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını, jarqonların və dilimizə yad sözlərin sözlərin işləndiyini deyən MTRŞ sədri son vaxtlar mövcud nöqsanların aradan qaldırılması üçün müəyyən iş aparıldığını diqqətə çatdırıb.
Nuşirəvan Məhərrəmli deyib ki, televiziya rəhbərləri əməkdaşları işə götürərkən onların Azərbaycan dili üzrə biliklərini yoxlamalı, aparıcılar tərəfindən dil normaları qorunmalıdır. Dil probleminə reklamlarda və tibbi proqramlarda daha çox rast gəlinir. Teleradionun cəmiyyətə böyük təsiri nəzərə alınmalı, onların dili hamıya nümunə olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov vurğulayıb ki, ana dili xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən ən etibarlı vasitədir. Odur ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir: "Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsidir. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. Digər tərəfdən, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir".
Azərbaycan dilinin keçdiyi inkişaf tarixindən danışan Əli Həsənov deyib ki, orta əsrlərdən başlayaraq Azərbaycan dili bizim yaşadığımız coğrafiyada və Avrasiyanın böyük bir geosiyasi məkanında yüksək hüquqi-siyasi status qazanaraq, mərkəzləşmiş Səfəvilər dövlətinin rəsmi dili olub. Sonrakı dövrdə də Azərbaycan dövlətçiliyinin ayrı-ayrı formaları çərçivəsində bu dil öz hüquqi-siyasi statusunu həmişə qoruyub saxlayıb.
Prezidentin köməkçisi ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksəltmək istiqamətində gördüyü mühüm işləri xatırladaraq qeyd edib ki, məhz bunun nəticəsində ana dilimiz dövlət dili statusu qazanıb, onun mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini hazırda Prezident İlham Əliyev ardıcıl surətdə davam etdirir. Bu barədə danışan Əli Həsənov bildirib ki, dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsini və saflığının qorunmasını ölkə başçısı Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir. Təəssüf ki, kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələr işlədilir. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında Sərəncam imzalayıb. Sərəncamda dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanıb, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi xüsusi qeyd olunub.
"Təəssüf ki, 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan nöqsanlara bu gün də təsadüf edilir. Buna görə də Prezident İlham Əliyev dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və nöqsanların aradan qaldırılması məqsədilə 2018-ci il noyabrın 1-də yeni Fərman imzalayıb. Həmin Fərmandan irəli gələn vəzifələrə uyğun olaraq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq", - deyə Prezidentin köməkçisi vurğulayıb.
Konfransda Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının müəllimləri - Mehriban Əlizadə və Təranə İsmayılova mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Məruzələrdə teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı aparılmış monitorinqin nəticələri ictimaiyyətə çatdırılıb. Nəticələr açıqlanandan sonra digər konfrans iştirakçıları da çıxış edərək fikirlərini bildiriblər.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, qeyd edilən nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir. O, Azərbaycan dilinin bizim mənəvi sərvətimiz, dövlət atributlarımızdan biri olduğunu diqqətə çatdırıb. Deyib ki, Azərbaycan dili qədim və zəngin dildir: "Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir. Mətbuatda da dil ilə bağlı nöqsanlar var. Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir. Unutmaq olmaz ki, Azərbaycanda ədəbi dilin saflığının qorunması dövlət sənədlərində də öz əksini tapıb. Biz çalışmalıyıq ki, öz dilimizi qoruyaq.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu vurğulayıb ki, dil dövlət atributlarından biri olmaqla yanaşı, xalqın sərvətidir: "Azərbaycan dili dünyanın ən zəngin, səlis dillərindən biridir. Hər kəs dilə məsuliyyətlə yanaşmalıdır. Dili insana uşaqlıqdan sevdirmək lazımdır. Belə olan halda Azərbaycan ədəbi dilinin pozulması hallarına rast gəlmərik. Təəssüf ki, son zamanlar cəmiyyətdə rus dilindəki "uje" sözündən istifadə halları artıb. Şadlıq evlərinin adlarının yanına ingilis dilindəki "palace" sözünün yazılması nə məqsəd daşıyır? Bu bizim dilimizdə saray deməkdir, bəs onda niyə saray deyil, "palace" yazırlar? Bizim dilimiz zəngindir, istənilən fikri ifadə etmək üçün kifayət qədər söz ehtiyatımız var".
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondununicraçı direktoru bildirib ki, Fond Azərbaycanın media məkanında ədəbi dilin normalarının qorunmasını, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu sahədə imzaladığı dövlət proqramlarından irəli gələn vəzifələri xüsusi diqqət mərkəzində saxlayır. İcraçı direktor qeyd edib ki, Fond bu məqsədlə jurnalistika sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları üçün hər il "Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələr elan edir. Layihələr 6 ay müddətində icra edilir, aparılmış monitorinqlər zamanı Azərbaycan mətbuat və teleradio məkanının dil problemləri araşdırılır, onun tənzimlənməsi yolları müzakirə edilir və müvafiq təkliflər verilir.
Vüqar Səfərli Elektron Mediaya Yardım Fondunun apardığı monitorinqin nəticələri əsasında hazırlanmış geniş hesabatda qeyd olunan çatışmazlıqların nəzərə alınması vacibliyini vurğulayaraq, televiziya rəhbərlərini yaradıcı kollektivin iştirakı ilə daxili müzakirələr aparmağa, nöqsanları aradan qaldırmağa çağırıb.
Fondun icraçı direktoru Vüqar Səfərli radio aparıcılarının da nitqində ciddi qüsurların olduğunu təəssüflə qeyd edib: "Bu gün radiolara qulaq asmaq olmur. Elə jarqonlardan istifadə edirlər ki, bunların efirdə işlədilməsi düzgün deyil. Fond mediada ədəbi dil ilə bağlı monitorinqlər aparılmasına dəstək olur və növbəti illərdə də bu layihələr davam edəcək".