Akademik Arif Həşimovun fəaliyyətinə dair biblioqrafik göstərici nəşr olunub Hadisə

Akademik Arif Həşimovun fəaliyyətinə dair biblioqrafik göstərici nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) energetika sahəsində tanınmış alim, AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru Arif Həşimovun həyat və elmi-ictimai fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olunub.

Nəşr akademik Arif Həşimovun 75 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin qərarına əsasən “Görkəmli elm xadimləri” seriyası çərçivəsində hazırlanıb.

Biblioqrafik göstəricidə Arif Həşimovun elmi və ictimai fəaliyyətini əks etdirən mühüm sənədlər, o cümlədən elm və texnika sahəsində 1978-ci il Azərbaycan Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı, AMEA əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı təqdim olunub.

Vəsaitdə akademikin monoqrafiyaları, elmi və elmi-kütləvi məqalələri, məruzələri, redaktə etdiyi materiallar, müəlliflik şəhadətnamələri və patentləri, elmi rəhbər, məsləhətçi və opponent olduğu dissertasiya işləri, redaktor, rəyçi və elmi məsləhətçi kimi iştirak etdiyi nəşrlər, həmçinin rəhbərliyi ilə hazırlanmış dissertasiya işləri haqqında məlumatlar öz əksini tapıb.

Bundan əlavə, kitabda görkəmli elm xadimləri və tanınmış ziyalıların Arif Həşimov haqqında fikirləri yer alıb.

Kitabın elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçiləri isə baş biblioqraflar Natəvan Rəhimova və Mahnur Həsənovadır.

“Elm” nəşriyyatında çapdan çıxan biblioqrafik göstərici energetika və fizika sahələrində çalışan alim və mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, nəşrin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitablar” bölməsində tanış olmaq mümkündür.