SEPAH komandanı ABŞ qüvvələrinin İrandan 1 min km geri çəkildiyini bildirib Dünya

SEPAH komandanı ABŞ qüvvələrinin İrandan 1 min km geri çəkildiyini bildirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi kontr-admiral Əli Fədəvi bildirib ki, İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini ölkə sahillərindən təxminən 1 min km məsafəyə geri çəkilməyə məcbur edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.

"Amerikalılar sərhədlərimizdən 1000 kilometrdən çox məsafədə qaçıb geri çəkiliblər. Bu, onların seçimi deyildi, bu, İslam Respublikasının gücü və SEPAH-ın Quru Qoşunlarının qüdrəti sayəsində baş verdi", - deyə Fədəvi telekanala müsahibəsində bildirib.

O bəyan edib ki, ilk dəfə olaraq Fars körfəzi, Hörmüz boğazı, Oman körfəzi və hətta Hind okeanının şimal hissəsində bir dənə də olsun ABŞ gəmisi qalmayıb. Eyni zamanda, o, ABŞ hərbi gəmilərinin SEPAH tərəfindən raket hücumlarına qarşı "100% həssas" olduğunu qeyd edib.

Məlumata görə, Fədəvinin bu bəyanatı ABŞ HDQ tərəfindən İran limanlarının davam edən sərt dəniz mühasirəsi fonunda səslənib. Keçən həftə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verib ki, mühasirə rejiminə dəqiq riayət olunmasını təmin etmək üçün iyul ayından bəri İran limanlarına daxil olmağa və ya oradan çıxmağa cəhd edən 125 ticarət gəmisinin qarşısı kəsilib.

Məryəm Quliyeva