10:56
378
Macarıstanın bu həftə Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların texniki mərhələsinə qoyduğu vetonu ləğv edəcəyi gözlənilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Macarıstanın Baş naziri Peter Madyar diplomatlara Ukrayna və Moldovaya danışıqların növbəti iki bloku - daxili bazar və rəqabət qabiliyyətliliyi siyasəti üzrə mümkün açılış barədə məktubların göndərilməsini bloklamamaq barədə göstəriş verib. Qəzet vurğulayır ki, bu, prosedural, lakin simvolik bir addımdır. Nəşr qeyd edir ki, Macarıstanın danışıqlar bloklarının açılmasına tam siyasi dəstək verməsi Ali Radanın oktyabrın 12-də azlıqların təhsil hüquqları haqqında qanun layihəsini qəbul edib-etməyəcəyindən asılı olacaq. Ukraynadakı macar azlığının hüquqları uzun müddətdir ki, Budapeşt üçün əsas məsələdir və qanun layihəsi Macarıstanın rəsmi şəxslərinin rəyi nəzərə alınmaqla hazırlanıb.
FT-nin mənbəsi iddia edir ki, Ukraynanın Aİ-yə yolu artıq formalaşmağa başlayır, çünki bu iki danışıqlar bloku razılaşdırılarsa, geridə açılmamış yalnız iki blok qalacaq. Birincisi "yaşıl gündəlik", ikincisi kənd təsərrüfatı və regional siyasətlə bağlıdır. Avropa Komissiyası ilin sonunadək bu məsələlər üzrə də razılıq əldə edəcəyinə ümid edir.
Məryəm Quliyeva