Cəbrayılın dirçəlişi: tarixi Zəfərdən yeni həyata Siyasət

Cəbrayılın dirçəlişi: tarixi Zəfərdən yeni həyata

4 oktyabr Azərbaycan tarixində yalnız Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gün deyil, həm də Vətən müharibəsinin sonrakı gedişinə ciddi təsir göstərən mühüm hərbi-siyasi mərhələdir. 27 illik işğaldan sonra Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan Ordusunun cəbhədə təşəbbüsü ələ aldığını və düşmənin illərlə qurduğu müdafiə sisteminin artıq davam gətirmədiyini göstərdi. Cəbrayıl istiqamətində qazanılan uğur sonrakı günlərdə Hadrut, Zəngilan, Qubadlı və digər istiqamətlərdə irəliləyiş üçün əlverişli imkan yaratdı. Buna görə Cəbrayıl əməliyyatının əhəmiyyəti bir şəhərin azad olunması ilə məhdudlaşmır; bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan hərbi yolun mühüm həlqələrindən biri oldu. 4 oktyabrın sonradan Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi də həmin tarixi hadisənin dövlət və cəmiyyət yaddaşında xüsusi yer tutduğunu göstərir.

Bu gün isə Cəbrayıl artıq müharibə və dağıntı anlayışları ilə deyil, qayıdış və quruculuqla gündəmə gəlir. Şəhərdə yaşayış komplekslərinin yaradılması, kəndlərin yenidən qurulması, yol və enerji infrastrukturunun formalaşdırılması, sosial obyektlərin tikilməsi və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının inkişaf etdirilməsi dövlətin qarşıya qoyduğu daha böyük məqsədi göstərir: insanlar öz doğma torpaqlarına sadəcə qayıtmamalı, burada dayanıqlı həyat və iqtisadi gələcək qurmalıdırlar. Artıq Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndlərində minlərlə insanın məskunlaşması Böyük Qayıdışın real nəticələrindən biridir. Beləliklə, Cəbrayılın müasir tarixində iki böyük mərhələ bir-birini tamamlayır: 2020-ci ildə Azərbaycan əsgəri bu torpağa azadlıq gətirdi, sonrakı illərdə isə həmin azadlığın üzərində yeni şəhər, yeni iqtisadiyyat və yeni həyat qurulmağa başladı. Cəbrayılın bugünkü inkişafı hərbi Qələbənin uzunmüddətli siyasi, iqtisadi və sosial nəticəyə çevrilməsinin ən aydın nümunələrindən biridir.

Züriyə Qarayeva
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq