"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev Siyasət

"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, ilk olaraq İran-Azərbaycan münasibətlərinə toxunaq. Möhsün Rezayinin Şahin Mustafayevlə o formada görüşməsi nə deməkdir?

- İslam Respublikası İranda görünür bəzi vəzifəli şəxslər qonaqla bağlı müqddəs kitabımız Quranda yazılanları, Peğəmbərin (s) hədislərində deyilənləri yaxşı öyrənməyiblər. İranda qadına əl uzatmırlar. Şahin Mustafayev onu müsəlman və kişi bilib, əl uzadıb.Türk kişiləri başqa cür görüşürlər, Pezeşkianla Əliyevin görüşü buna nümunədir. Rezayi Mustafayevlə əl tutub görüşmək istəmirdisə, daha ədəbli davranış o olardı ki, protokol xidməti öncədən bu barədə məlumatlandırılardı.
Təəssüf ki, İranda Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən, farsist dairələr var. Ümid edirəm İranda qonşularla dostluq və əməkdaşlıq şəraitində yaşamağa üstünlük verən qüvvələr sonda qalib gələcək, əsas söz sahibi olacaqlar.

- Türkiyə ilə aramızda nə baş verir?

- Türkiyədə də bəzi ədəbsiz "islamçı" dairələr Azərbaycanın dövlət başçısına qarşı tərbiyəsiz davranış nümayiş etdirir, aksiya keçirirlər. Onlar "islam təəssübkeşi" kimi çıxış edir, bizi nankorluqda, İsraillə əməkdaşlıqda ittiham edirlər. İslami dəyərlər, ümumbəşəri ali insani dəyərlərdir. Azərbaycan işğala məruz qalanda biz Fələstinin, çoxsaylı müsəlman ərəb ölkələrinin hayqırtısını, etirazını görmədik, dəstəyini hiss etmədik, əksinə, Ermənistanla onların əməkdaşlığını gördük. 7 oktyabr 2023-cü ildə HƏMAS Qəzza zolağından İsrailə hücum edib günahsız 1200 insanı, musiqi festivalına toplaşmış gəncləri amansızcasına qətlə yetirəndə, gənc qızları, yaşlı qadınları zorlayanda, 250 nəfəri girov götürəndə regionun müsəlman dövlətlərinin bu vəhşiliyi qınayan və HƏMAS-la əməkdaşlığa son qoyan mövqelərini görmədik. Onlar bunu etsəydilər İsrail Qəzzada humanitar fəlakətə yol açan qəddarlıq nümayiş etdirəndə onların İsrailə söz demək haqqı və ona təsir imkanı olardı. Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb. Fələstin problemi ilə bağlı iki dövlət həll prinsipini həmişə dəstəkləyib. Müsəlman dövlətlərin liderləri bir milyon müsəlmanı ev-eşiyindən didərgin salan Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşəndə, heç kim bizə müasir silahlar satmayanda İsaril bizə silah satıb, yəhudu diasporası Qərbdə bizi dəstəkləyib. Bu gün biz bunu unudub, İsrailin haqqını yerə vursaq, sabah ən yaxın qardaşlarımızın da haqqını itirəcəyik.
Türkiyədəki bəzi öyrədilmiş "islam təəssübkeşləri" bizim Türkiyənin 44 günlük savaşda bizə verdiyi dəstəyi qiymətləndirə bilmədiyimizi söyləyirlər. Prezident son 6 ildə neçə yüz dəfə Türkiyəyə bizə verdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ən yüksək səviyyədə ifadə edib? Həm də beynəlxalq tribunalardan. İslamda etdiyin yaxşılığı başa qaxmazlar. Bu günah sayılır. İslamı istismar edən bu nadanlar heç dinimizi də yaxşı öyrənməyiblər. Azərbaycanda heç kim ölkəmizin Türkiyə üçün etdiyini başa qaxmayıb. Çünki biz dünyəvi dövlətə sahib olsaq da daha səmimi müsəlmanıq, bu, bizim qardaşlıq borcumuzdur. Türkiyə Azərbaycan qardaşlığı isə əbədidir. Çünki Türkiyə biz, biz də elə Türkiyəyik.