Ermənistana daha bir zərbə Siyasət

Ermənistana daha bir zərbə

Nazarbayev Stanislav Zasın KTMT-nın baş katibi postuna namizədliyinə rəsmi dəstəyini ifadə edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi, Bakıda hərbi təhsil almış general-leytenant Stanislav Zasın KTMT-nın baş katibi postuna namizədliyinə rəsmi dəstəyini ifadə edib.
Bu barədə Nazarbayev Astanada Zas ilə keçirdiyi ikitərəfli görüşdə bildirib.
"Sankt-Peterburqda KTMT-yə üzv dövlətlərin başçıları sizin namizədliyiniz barədə Aleksandr Lukaşenkonun (Belarus prezidenti) təklifini dəstəkləməklə bağlı qərar qəbul etdilər. Siz artıq KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə görüşməyə başlamısınız və artıq Bişkekdə olmusunuz. Bildiyiniz kimi, Qırğızıstan Respublikası indi KTMT-yə sədrlik edir. Əminəm ki, sizin görüşləriniz yaxşı keçib" – Nazarbayev bildirib.
Nazarbayev, həmçinin, KTMT-nin baş katibi postunda çalışmaq üçün Zasın zəruri olan bütün bilik və bacarıqlara malik olduğunu vurğulayıb.
"Siz hərbçisiniz və müvafiq təhsilə maliksiniz. Baş qərargahda, Belarus Respublikasının Təhlükəsizlik Şurasında işləmisiniz. Siz KTMT-nin işi ilə də tanışsınız – müxtəlif görüşlərdə və iclaslarda iştirak etmisiniz. Biz sizi dəstəkləyəcəyik", – Qazaxıstan prezidenti söyləyib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko da Sankt-Peterburqda keçirilən MDB dövlət başçılıarının qeyri-rəsmi sammiti çərçivəsində bildirmişdi ki, KTMT-nin baş katibi postuna Belarus nümayəndəsinin təyin edilməsi bütün tərəflərlə razılaşdırılıb. Lakin İrəvan bu vəzifəyə Ermənistan nümayəndəsinin gətiriləcəyində israr edərək səslənən bütün bəyanatları təkzib edirdi. Bununla da, Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan və onun mətbuat katibinin KTMT-nin baş katibi postuna təyinatla bağlı məsələnin hələ də həll olunmaması ilə bağlı yalan bəyanatları növbəti dəfə rəsmi səviyyədə ifşa olundu.
Xatırladaq ki, Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Yuri Xaçaturov İrəvanın təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən, vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.
Hazırda KTMT-nin baş katibi postuna ən real namizədlərdən biri olan Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zas 1964-ci ildə Ukraynada Çerniqov vilayətində anadan olub. 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 1996-ci ildə Belarus Respublikasının Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi akademiyasını fərqlənmə diplomu və qızıl medalla bitirib. Hərbi elmlər namizədidir.

"EADaily"