Neft bazarında təlatüm, nələr gözlənilir? Siyasət

Neft bazarında təlatüm, nələr gözlənilir?

Neft qiymətləri qarşıdan gələn həftələrdə indikindən də çox düşməkdə davam edəcək. Bu barədə neft təhlilçilərinə istinad edən CNBC saytı yazıb.
Dekabrın 18-də neftin qiyməti kəskin düşüb və ekspertlər bunu bir tərəfdən qlobal səhmlərin kəskin satışı və neft bazarının az sonra izafi xam neftlə aşıb-daşacağından narahatlığı ilə izah edirlər.
Enerji bazarlarında səhm satışının artması həm də neft anbarlarının dolu olması və bazara gələn neftin həcminin artacağına dair verilən proqnozlarla bağlıdır. Bu proqnozlara görə ABŞ və Rusiyada neftin hasilatı rekord səviyyələrə yüksələcək. Bundan başqa həm də 2019-cu ildə qlobal iqtisadi artımın yavaşıyacağına dair də proqnozlar var.
"PVM Oil Associates" firmasının baş təhliçisi Tamas Varga yazıb: "İndi neft qiymətinin bir yolu var, o da üzüaşağı.." Ekspertin fikrincə hazırkı məlumatlar, gələcəkdə istənilən qiymət artımının qiyməti aşağı dartan elementləri ortaya çıxaracağını göstərir.
Brent markasından olan neftin qiyməti dekabrın 18-də 4 faiz azalaraq bir barrel üçün 57, 20 dollar olub. Bu neftin artıq üçüncü kəskin qiymət itkisidir. ABŞ-ın Texas neftinin qiyməti bir barrel üçün 50 dollardan aşağı düşüb və günorta saatlarında bir barrel üçün 47, 94 dollar olub.
Ümumiyyətlə isə hər iki markadan olan neftin qiyməti oktyabrda pik nöqtəsinə çatdıqdan sonra izafi xammala görə 30 faiz düşüb. UBS təhlilçiləri bildirirlər ki, 2018-ci ildə neft qiymətlərinin tam sabitləşdiyi və normala qayıtdığı təsəvvürü yaranmışdı, lakin hər şey oktyabrda dəyişdi.
Noyabr ayında ABŞ neftinin qiyməti 12 gün ərzində dalbadal düşməkdə davam edirdi. Brent markasından olan neft isə oktyabr ayında çatdığı 86 dollar qiymətindən 20 dollar ucuzlaşdı.
CNBC yazıb ki, ekspertlər və hasilatçılar bu ayın əvvəllərində Vyanada keçirilən OPEC iclasını diqqətlə izləyirdilər.
Lakin OPEC və qeyri-OPEC ölkələri arasında hasilatın ixtisarı barədə razılaşma hələ öz təsirini göstərməlidir. Bu enerji alyansı hasilatı 2019-cu ilin ilk altı ayı ərzində günə 1, 2 milyon barrel azaltmaq barədə razılaşma əldə edib.
Bu razılaşmaya görə Səudiyyə başda olmaqla 15 üzvlü OPEC hasilatı günə 800 min barrel, Rusiya və onun neft müttəfiqləri isə günə 400 min barrel ixtisar etməlidirlər. Lakin bu razılaşma yalnız yanvar ayında hərəkətə gələcək, üstəlik Rusiya bəyan edib ki, o hasilatı birdən-birə yox, tədricən azaldacaq.
"PVM Oil Associates" firmasından Varga deyir ki, neft qiymətinin qısamüddətli dirçəlişi hər an baş verə bilər, amma uzun müddətdə neft qiymətlərinin qalxacağına ümid verən əlamətlər yoxdur.
Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirir ki, neft qiymətlərinin ucuzlaşması heç də ürəkaçan deyil: "Qiymətlərin ucuzlaşması neft gəlirlərinin azalmasına səbəb olur. Əlbəttə ki, bu da iqtisadiyyatımız üçün müsbət hal deyil. Doğrudur ki, dövlət büdcəsində nefin 1 barrelini 60 dollardan götürmüşük. Amma "Büdcə sistemi" haqqında qanuna dəyişiklik edildiyindən, neftin qiymətinin ucuzlaşmasının təsirinin çox olması gözlənilmir".
İqtisadçı deputat neft qiymətlərinin 60 dollar və yuxarı həddə olmasının arzuolunan olduğunu bildirib: "Məsələ burasındadır ki, əvvəllər neft qiymətləri birjalarda həll olunurdu. Amma indi tələb və təklifə baxan yoxdur. Amerika öz neftini dünya bazarlarına çıxarmaqda davam edir. Baxmayaraq, neft hasilatının azaldılması ilə bağlı qərar qəbul edilib. Amerika amili və digər rıçaqlar neft qiymətlərinin ucuzlaşmasına hesablanıb. Hazırda neft qiymətləri daha çox siyasi amillərdən asılıdır, nəinki tələb və təklifdən".
Vahid Əhmədov hazırkı neft qiymətlərinin qalıcı olub-olmayacağı ilə konkret fikir bildirməyin çətin olduğunu deyib: "Çünki dediyim kimi əvvəllər neft qiymətləri birjalarda müəyyən olunurdu. Amma indi neft siyasi alətə çevrilib. Ona görə də qabaqcadan proqnoz vermək çox çətindir. Amma neft qiymətləri ucuzlaşdıqca bizim gəlirlərimiz azalır. Bu isə iqtisadiyyat üçün yaxşı nə isə vəd etmir. Bildiyiniz kimi 2019-cu il üçün çox ciddi məsələlərin, layihələrin gerçəkləşməsi nəzərdə tutulub. Bütün bunların reallaşması üçün isə neft qiymətlərinin yüksək olması mütləqdir. Neft qiymətlərinin aşağı düşməsi neft ixrac edən ölkələrin gəlirlərinin azalmasına təsir edən amillərdən biridir".
Parlamentari büdcəyə yenidən baxılması zərurətindən də danışıb. O bildirib ki, "Büdcə sistemi" haqqında qanun qəbul olunub:
"Qanuna görə problem yaranarsa, Dövlət Neft Fondundan əlavə transfertlərin edilməsi nəzərdə tutulub. Bu ilk dəfə olaraq, məhz bu qanunda nəzərə alınıb. Amma təbii ki, neft ixrac edən bir ölkə kimi biz istərdik ki, neft qiymətləri yüksək olsun".