Erməni sahibkarlardan Paşinyana ultimatum Siyasət

Erməni sahibkarlardan Paşinyana ultimatum

Ermənistan Restoranlar Birliyinə daxil olan ictimai iaşə müəssisələri baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın rəhbərlik etdiyi müvəqqəti hökumətin həyata keçirdiyi vergi siyasətinə etiraz olaraq bu ay bir günlük tətil elan edəcək və qapılarını müştərilərin üzünə bağlayacaqlar.
Bu barədə Ermənistan Restoranlar Birliyi üzvlərinin yaydığı birgə bəyanatda deyilir. Qeyd olunur ki, restoranlar bir gün ərzində müştərilərə heç bir xidmət göstərməyəcəklər.
"Birliyin bütün üzvləri bu məsələdə qətiyyətlidir. Etiraz əlaməti olaraq, 2019-cu ilin yanvarında biz öz qapılarımızı bir günlük bağlayacağıq" - sənəddə vurğulanıb.
Ermənistandakı restoran rəhbərləri uzun müddətdir qiymətlərin artmasına səbəb olan yeni vergitutma növünə və ümumiyyətlə, Ermənistanın Maliyyə Nazirliyi və Dövlət Gəlirləri Komitəsinin yarıtmaz fəaliyyətinə etirazlarını bildirirlər. Onlar bəyan edirlər ki, bu cür vergi siyasəti Ermənistan iqtisadiyyatının normal inkişafına ciddi maneə yarada və riskli proseslərin başlamasına səbəb ola bilər. Lakin Paşinyana və Dövlət Gəlirləri Komitəsinə məktubla müraciət etmələrinə rəğmən, onların şikayətinə məhəl qoyulmayıb.