“Yeni səfiri ölkəmizdə daha sıx və gərgin iş qrafiki gözləyir” Siyasət

“Yeni səfiri ölkəmizdə daha sıx və gərgin iş qrafiki gözləyir”

"ABŞ senatı Erl Litsenberqerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib. Qeyd edim ki, yeni təyin olunan səfir əsasən, NATO və Dövlət Departamentində hərbi-siyasi və təhlükəsizlik məslələri üzrə çalışıb. Dövlət Departamenti hərbi və təhlükəsizlik sahəsində çalışan birinin ölkəmizə səfir göndərməsi təsadüfi deyil. Çünki, Cənubi Qafqazda siyasi situasiya yeni mərhələyə keçdiyinə görə, Vaşinqtonla Moskva arasında bu regionda siyasi toqquşmalar yaşanır. Fikir versək, Vaşinqtonla Moskva arasında Gürcüstan və Ermənistanda siyasi toqquşması davam edir. Növbəti məkan Azərbaycan ola bilər". Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirb ki, ona görə də ABŞ ölkəmizə göndərdiyi səfiri xüsusi seçib: "Qeyd edim ki, ABŞ müəyyən zamanlarda regionda baş verən proseslərə uyğun olaraq ölkəmizə səfir təyinatını diplomatların peşə xüsusiyyətlərinə və çalışdıqları sahəyə görə təyin edib. İlk əvvəllərdən başlayarq, ABŞ regionumuzda enerji məslələrinə üstünlük verdiyi üçün daima bu sahə üzrə ixtisaslaşan və təcrübəsi olan diplomatları ölkəmizə səfir göndərib. İndi isə, artıq enerji məsələləri öz həllini tapıb, bu layihələrin qarşısında olan əngəllər ortadan qaldırılıb. İndi Vaşinqtonun qarşısında duran əsas məqsəd Azərbaycanla sıx siyasi-hərbi əlaqələri gücləndirməklə, Qafqada mövqeyini artırmaqdı.
Yeni səfirin Azərbaycanda fəaliyyəti demək olar ki, gərgin olacaq. Xəzər regionunda ABŞ-ın maraqları artır və Azərbaycan qonşusu Rusiya və İranla konfontrasiya yaşayır. Yeni səfiri ölkəmizdə daha sıx və gərgin iş qrafiki gözləyir.
Erl Litsenberqerin Qarabağ münaqişəsinin həllinə digər səfirlərdən fərqli olaraq, daha da yaxından iştirak edəcək. Çünki Vaşinqton öz geosiyasi maraqlar prizmasından Qarabağ konfliktinin həllində maraqlıdır.
Bundan əlavə, ABŞ-Azərbaycan əlaqələri hərbi-texniki və təhlükəsiz sahəsində inkişaf edəcək. Hətta ABŞ-la böyük partiyada silah alışı da reallaşa bilər. Həmçinin səfir ölkəmizin avrointeqrasiya kursunun aparılmasına, Rusiya və İranın aqressiyasına qarşı səylərini artıracaq. Sabiq səfir Robert Sekutadan fərqli olaraq, Erl Litsenberqer səlahiyyət müddətində sükuta üstünlük verməyəcək".