“Azərbaycan sülh və ədalət istəyir” Siyasət

“Azərbaycan sülh və ədalət istəyir”

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür və Dayanışma Cəmiyyəti, Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti, Alman Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə aksiya keçirilib.
Avropanın aparıcı dövləti olan Almaniyada insan azadlığı və hüquqlarına həssas yanaşılması, bu ölkənin ATƏT-də nüfuz sahibi olması və ən əsası beynəlxalq hüquq və prinsiplərə hər zaman hörmətlə yanaşması belə bir aksiyanın keçirilməsinə stimul verib.
Bildirilir ki, aksiya "Azərbaycan sülh və ədalət istəyir!", "Avropa, uşaqların qətlinə göz yumma!", "Dinc əhalinin qətlini dayandırın!", "Ermənistanın təcavüzünə son!", "Snayper gülləsinə tuş gələn uşaq!", "1992-2018 uşaqların qətli davam edir!", "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!", "Biz sülh deyirik!", "Dilqəm və Şahbaza Azadlıq!" şüarları altında keçirilib.
Qeyd edilir ki, aksiyada çıxış edən soydaşlarımız erməni vandalizmindən söz açıb, Dağlıq Qarabağın Azərbaycanın tarixi əraziləri olduğunu konkret faktlarla qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı bir milyondan çox insanın doğma yurdlarından didərgin salınması, mülki şəxslərə qarşı erməni qəddarlığı, öz dədə-baba yurdlarına, doğmalarının qəbirlərinin ziyarətinə getmiş Dilqəm və Şahbazın girov götürülməsi, onlara qeyri-insani yanaşaraq işgəncələr verilməsi və s. məsələlər aksiya zamanı bir daha alman cəmiyyətinin və turistlərin diqqətinə çatdırılıb. Eyni zamanda, aksiya çərçivəsində Azərbaycan Respublikası haqqında tarixi məlumatları, Dağlıq Qarabağın tarixini, Azərbaycanın ərazi bütövlüyünə dair BMT qətnamələrini, Azərbaycan xalqının etnik tərkibi haqqında məlumatları özündə əks etdirən minlərlə vərəqə (flayer) Alman cəmiyyətinin nümayəndələrinə və turistlərə paylanılıb.
Xatırladaq ki, aksiyanın sonunda, tədbirin nəticəsi olaraq, Almaniyanın hakim dairələrinə bəyanat təqdim olunması qərara alınıb. Bəyanat aksiya iştirakçıları tərəfindən təsdiqlənib və qeyd olunub ki, ən qısa zamanda Almaniyanın ali qurumlarına təqdim ediləcək.