“Prezidentin 5 illik inkişafa dair konkret məlumatları...” Siyasət

“Prezidentin 5 illik inkişafa dair konkret məlumatları...”

Aydın Quliyev: "Regionlarımızın mənzərəsinin necə dəyişdiyi barədə aydın təsəvvür yaradır"

Yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib. Görülən işlərdən danışan dövlət başçısı bir sıra məsələlərə toxunub. Prezident həmçinin qeyd edib ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər: "Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir". Prezident vurğulayıb ki, yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var".
"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla yekunlaşdırılması həm bu gün üçün sosial-iqtisadi əhəmiyyətə malikdir, həm də beynəlxalq strateji anlamda mühüm hadisədir. A.Quliyev bildirib ki, Prezident İlham Əliyevin 5 illik inkişafa dair konkret məlumatları regionlarımızın mənzərəsinin necə dəyişdiyi barədə aydın təsəvvür yaradır, eyni zamanda, əhalinin rifah vəziyyətinin müsbət dinamikasını dəqiq ifadə edir: "Beşillik proqramın uğurla icrası saysız infrastruktur obyektlərinin, məktəb və xəstəxanaların tikintisi və əsaslı təmiri, yolların çəkilməsi, aqrar sektorun əlavə inkişaf imkanlarının yaradılması, bölgələrin abadlaşdırılması, kiçik və orta biznesə dövlət dəstəyinin yeni mexanizmlərinin tətbiqi, bölgələrimizdə iş yerlərinin artırılması hesabına məşğulluğun yüksəkdilməsi və s. kimi çox geniş istiqamətlərdə böyük nəticələr deməkdir. Regionlarda əvvəlki dövrlərdə başlanmış işlərin davam etdirilməsi, ölkənin dinamik iqtisadi-sosial inkişaf tempinin qorunub saxlanması, bütövlükdə ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi də birbaşa Dövlət Proqramının uğurlu icrasının nəticələridir. Ölkəmizin bir sıra beynəlxalq reytinq siyahılarında öz yüksək yerini qoruya bilməsi, bir sıra göstəricilərdə yerini yüksəldə bilməsi məhz Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş böyük işlərin sayəsində mümkün olub". Ekspert qeyd edib ki, Dövlət Proqramının uğurlu icrasının beynəlxalq əhəmiyyəti barədə xüsusi danışmağa ehtiyac var: "Belə ki, uğurla icra edilmiş bu proqram dünyanın bütün ölkələrinin dərin iqtisadi-maliyyə böhranı keçirdiyi və yeni dövrə uyğun ən səmərəli inkişaf modellərinin axtarış dovrünə təsadüf etdi. Eyni problemi Azərbaycan özü də yaşasa da, bir sira ölkələrdən fərqli olaraq qeyri-neft inkişaf modelinin əsaslarını uğurla yarada və tətbiq edə bildi. Bu, çox böyük tarixi nəticədir. Başqa ölkələr hətta kiçik layihələrin icrasını dayandırmaq məcburiyyətində qaldığı halda, Azərbaycan irimiqyaslı Dövlət Proqramının heç bir maddəsini ixtisar etmədən həyata keçirdi. Bu mənada Dövlət Proqramı Azərbaycanın inkişaf modelinin strateji olaraq dəqiq seçildiyinin təsdiqi baxımından önəmlidir. Proqramın icra olunduğu müddətdə dövlət başçısının siyasətinə cəmiyyətimizin davamlı dəstəyi özünü unikal bir fenomen kimi göstərməkdə davam etdi. Ümumiyyətlə, Dövlət Proqramının uğurlu icrasının mühüm şərtlərindən biri məhz Prezidentin fəaliyyətinə xalqın fasiləsiz dəstəyindən ibarət oldu".
Baş redaktorun sözlərinə görə, Dövlət Proqramının uğurla icrasının mühüm nəticələrindən biri də odur ki, Azərbaycanın bəzi beynəlxalq risklərdən qorunmasına öz böyük töhfələrini verə bildi: "Yeni iş yerlərinin yaradılması, işsizliyin və yoxsulluğun minimuma endirilməsi, təhsil və bilik səviyyəsinin artırılması, əhalinin sağlamlığını şərtləndirən işlərin görülməsi həqiqətən də ölkəmizi bir sıra kənar risklərdən qoruyan möhkəm təminatlara çevrildi. Regionlarımızın inkişafı göstərilən müddətdə Azərbaycanın həyata keçirdiyi əhəmiyyətli nəqliyyat və infrastruktur layihələri ilə üzvi şəkildə bağlıdır. Fakt budur ki, bir sıra regionlarımız həmin regional layihələrin həm həyata keçirilməsində öz potensialı ilə iştirak edir, həm də həmin layihələrin verdiyi yeni imkanlardan istifadə edir. Dövlət Proqramının uğurla icrası Azərbaycanın güclü dövlətə çevrilməsində təsirli və həlledici rol oynayan hadisədir. Bu proqram çərçivəsində görülmüş işlər növbəti mərhələdə daha böyük layihələrin icrasına möhkəm baza yaratmaq gücü ilə də xarakterikdir".
Millət vəkili Azər Badamov deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda Azərbaycanda son 15 il ərzində qazanılmış uğurların və nailiyyətlərin ictimaiyyətə təqdim edilməsi baxımından çox əhəmiyyətlidir. Deputatın sözlərinə görə, son 15 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib: "Yəni bu inkişafa iqtisadi göstəricilərlə nəzər yetirsək daha aydın görə bilərik. Ümumi daxili məhsul (ÜDM) 3.3 artıb, ölkəmizin valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard dollar çatıb. Sənayedə 2.6 dəfə, kənd təsərrüfatında 4.7 dəfə artım olub. Bu gün 2 milyon yeni iş yeri yaradılıb, maaş və pensiyalar 7-9 dəfə artıb. Eləcə də 3200-dən çox məktəb, 694 tibb mərkəzi tikilib. Bu istiqamətdə görülən işlərin miqyası çox genişdir. Məsələn, qazlaşma 95.7 faizə çatıb, yolların tikintisi 15 min kilometrdən çox olub. Yəni son 15 il ərzində ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin həcmi o qədər böyük olub ki, onu qısa şəkildə demək qeyri-mümkündür. Çünki son 15 ilin hər bir ili, günü hansısa bir yeni layihənin açılışına həsr olunub. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard manat investisiya yatırılıb. Bütün bunlar hər bir Azərbaycanlının rifahının yaxşılaşmasına xərclənib. Bu gün də növbəti proqramın icrası davam etdiriləcək. Artıq dördüncü proqramın icrası üçün dövlət başçısı tapşırıq verib. Üç proqram çərçivəsində ölkəmizdə həyata keçirilən işlərin miqdarının böyük olmasına baxmayaraq yenə də həyatımızda görüləcək işlər kifayət qədər qalıb. Sadəcə olaraq vaxt, zaman çatışmazlığı üzündən bu işlər gələcək illərə qalıb. Artıq hədəflər müəyyən olunub. Düşünürəm ki, yeni hədəflərin icrası Azərbaycanı inkişaf ölkələrin sırasına çıxaracaq. Yəni dördüncü proqram çərçivəsində 17 milyard manat investisiyanın qoyuluşu nəzərdə tutulub".
Deputat Eldəniz Səlimov bildirib ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda qeyd olunduğu kimi bu müddət ərzində regionlarda xeyli işlər görülüb: "Prezident İlham Əliyevin iqtisadiyyatın bütün sahələrinə göstərdiyi diqqət və qayğının nəticəsində sahibkarlığın inkişafı üçün geniş meydan açılıb. Kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılıb ki, bu sahə torpaq vergisindən başqa digər vergilərdən azad olunub". Regionların xüsusiyyətlərinə uyğun olaraq kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirildiyini deyən deputat bildirib ki, təmsil etdiyi Xaçmaz rayonunda taxılçılıq, tərəvəzçilik, bağçılıq, heyvandarlıq üçün əlverişli şərait olduğundan bu sahələrin inkişafı üçün dövlətimiz tərəfindən sahibkarlar üçün tam münbit şərait yaradılıb: "İstehsal olunan məhsulların saxlanılması üçün böyük miqyaslı soyuducu anbarları tikilib istismara verilib. Regionumuzda Aqro-Park yaradılıb və böyük nəticələr əldə edilib. İstehsal olunan məhsulların bir hissəsi ixrac edilir. Qısa müddətdə zay ola bilən məhsulların ixracı "Yaşıl dəhliz" mexanizimi ilə həyata keçirilir".
E.Səlimov söyləyib ki, görülən işlər nəticəsində ölkəmizin hər yerində insanların qazancı ildən-ilə artmaqda davam edir: "Gəlir artdıqca insanlar digər istehsal sahələrinə maraq göstərirlər. 2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq qeyri-neft sənayesində 32 faiz artım olub. 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb",
Deputat vurğulayıb ki, ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib: "Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb".

Əli