Gəncəliyev Babayanın cavabını verdi Siyasət

Gəncəliyev Babayanın cavabını verdi

""Hidro-terror" mövzusunda cəfəng fikirləri ilə "fərqlənib""

"Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin "başçısının" qondarma "mətbuat katibi" kimi təqdim edən David Babayanın əvvəllər də ölkəmizə qarşı iftira xarakterli fikirlər səsləndirdiyinin şahidi olmuşuq. Növbəti dəfə o, "hidro-terror" mövzusunda cəfəng fikirləri ilə "fərqlənib".
Babayanın münaqişə nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin törətdiyi ekoloji cinayətləri unudaraq, hazırda davam edən vəziyyətə görə məxsus olduğu rejimin daşıdığı məsuliyyəti ört-basdır etməsi və kənarda "təqsirkar" axtarışı gülüncdür. Bu səbəbdən, Babayanın yaddaşını təzələmək və onun diqqətinə aşağıdakıları çatdırmaq istərdim".
Bunu Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib.
O qeyd edib ki, 2015-ci ilin noyabr ayında AŞPA çərçivəsində "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamə qəbul edilib.
Və AŞPA Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalının həmin ərazilərdə yaşayan əhali üçün humanitar və ekoloji problemlər yaratdığını qınayıb.
"Qətnamədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarında keçən dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bütün ətraf ərazilər üçün təhlükə yarandığı qeyd olunub. Sərsəng su anbarının baxımsız vəziyyətdə qalmasının çoxsaylı insan tələfatı və böyük fəlakətə gətirib çıxara biləcəyi vurğulanıb. Qətnamə həmçinin Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistanın su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edib.
Hazırda Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması və keçən müddətdə təmir edilməməsi ucbatından Azərbaycanın 7 rayonunun 400.000 nəfərlik əhalisinin həyatı ciddi təhlükə altındadır".
İcma sədri bildirib ki, Sərsəng su anbarı 120 min hektar torpaq sahəsinin suvarılması üçün layihələndirilmişdi və işğal buna mane oldu.
"Həmçinin vurğulamaq istərdim ki, erməni tərəfi suya ehtiyac olduğu vaxtda, yay aylarında bəndi bağlamaqla və lazımsız vaxtlarda suyu açıb buraxmaqla torpaqlarımıza ciddi ziyan vurmaqda davam edir. Bu da məhz hidro-terrorun Azərbaycana qarşı aparıldığının bariz nümunəsidir.
Babayana onu da xatırlatmaq istərdim ki, ermənilərin hərbi yolla işğal etdikləri Azərbaycan ərazilərində kənd təsərrüfatı üçün əhəmiyyət kəsb edən Sərsəng su anbarından başqa ümumi tutumu 80 milyon kub metr olan digər su anbarları da qalıb. Bunların sırasında 1964-cü ildə tikilən Xaçınçay su anbarı, 1965-ci ildə tikilən Qanlı Göl su anbarı, 1977-ci ildə tikilən Arpaçay su anbarı, 1962-ci ildə tikilən Ağdamkənd su anbarı və 160-dan çox su deposu da var ki, onlar da real təhlükə mənbəyinə çevrilib.
Qeyd etdiyim faktlardan istifadə etməklə Babayan "separatçı rejimin həyata keçirdiyi hidro-terror" mövzusunda monoqrafiya təqdim etsəydi, daha tutarlı görünərdi".
T.Gəncəliyev söyləyib ki, Ermənistanın hərbi işğalı başa çatdıqdan sonra regionun zəngin su resursları Azərbaycanın sərhədləri daxilində bölgədə sülh şəraitində yaşayacaq erməni və azərbaycanlı icmaları tərəfindən birgə istifadə olunaraq, kənd-təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına xidmət göstərə bilər.
"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə dialoq çərçivəsində su resurslarının gələcək effektiv istifadəsi kimi məsələləri də müzakirə etməyə hazırıq".