“Makronun addımları Fransa xalqına böyük ziyanlar gətirir” Siyasət

“Makronun addımları Fransa xalqına böyük ziyanlar gətirir”

"Fransa Prezidenti Emmanuel Makronun Fransa təqviminə qondarma "erməni soyqırımı" ilə bağlı anım gününün əlavə ediləcəyi haqqında verdiyi qərar çox böyük provokasiyadır. Onsuz da fransızlar 2001-ci ildən etibarən bu provokasiyanı addım-addım daha geniş vüsətlə təkrarlamağa başlayıblar". Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, 2001-ci ildə Fransa parlamenti "erməni soyqırımı"nı tanıdı, onun ardınca isə 2005-ci ildə bu "soyqırımı"nı inkar edənlərə cinayət işinin açılması barədə qərar qəbul etdi: "Amma bu qərarı Fransanın Konstitusiya Məhkəməsi ləğv etdi, yəni "soyqırımı" etiraf etməyənlərə qarşı cinayət məsuliyyətinin olması ilə bağlı irəli sürülən iddialar rədd edildi. Makron bir budaqda oturub min bir budağı sirkələyən provokator xarakterli bir şəxsdir. Bunun əməlləri Fransa xalqına böyük ziyanlar gətirməkdə davam edir. Görünür, "sarı jiletlilər"in ayağa qalxması və Makrona qarşı istefa tələblərini irəli sürmələri bu provokator prezidenti hələ heç də ayılmağa gətirib çıxarmayıb".
Politoloq əlavə edib ki, Türkiyə siyasətçisi, Vətən Partiyasının sədri Doğu Pərinçək Fransanın "erməni soyqırımı" və ona qarşı cəza tətbiq edilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət edib: "Bu məhkəmə prosesi 8 ilədək davam edib. 8 ildən sonra, yəni 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Pərinçəkin iddiası ilə bağlı Fransanın Osmanlı İmperiyası ərazisində baş vermiş hadisələrə doğru qiymət vermədiyini təsdiq edən bir qərar çıxarıb. Beləliklə, Pərinçəkin Fransa üzərində qələbə çalması bu məsələlərin nə qədər uydurma olduğunu isbatlayır. Lakin Fransa dayanmır. Makron bütün bunlardan utanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Fransanın da daxili olduğu ali məhkəmə orqanıdır və bu qərara tabe olmayaraq indi də saxtakar anım gününün qeyd edilməsi və xalqlar arasında milli ədalətə çağırış kimi dəyərləndiriləcək bir qərar qəbul etməsi Fransa üçün çox xoş olmayan ciddi nəticələr çıxaracaq".
Q. Hüseynli vurğulayıb ki, Fransa özü soyqırımı həyata keçirən ölkədir: "Fransa Makronun uşaqlıq dövründə - 1961-62-ci illərdə Əlcəzair və Tunisdə müstəmləkə zülmündən azad olmaq istəyən 1,5 milyona qədər ərəbi qırıb çapdı. Bu, uzaq olmayan bir tarixdə baş verib. Hətta bunu sübut etmək üçün dövrün qəzetlərini də araşdırmaq kifayətdir. Güman edirəm ki, Türkiyə buna cavabsız qalmayacaq. Görünən odur ki, Fransanın özünün Amerikada, indiki Kanada ərazisində, Afrikanın şimalındakı Mərakeş, Tunis, Liviya ərazilərində törətdiyi qanlı qətliamlarla bağlı qərar qəbul edilməsinə ehtiyac duyulur. Ərəb dünyasına və Amerikanının aborigen əhalisinə qarşı soyqırımı həyata keçirən Fransanın mövqelərinə siyasi qiymət verilib qərar qəbul edilməlidir. Hesab edirəm ki, Türkiyə dövləti bunu etməli və digər ölkələrə də bunun qəbul edilməsi istiqamətində təsir göstərməlidir".