Misir Azərbaycanı həmişə dəstəkləyib Siyasət

Misir Azərbaycanı həmişə dəstəkləyib

Bu yaxınlarda Misirdə "Qara Yanvar...Sovet qoşunlarının Bakıya soxulması" adlı kitab (ərəb dilində) nəşr edilib. Kitabda Sovet ordusu tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş hərbi cinayətlər ətraflı təsvir olunur, o çətin günlərdə Misir və digər müsəlman ölkələri tərəfindən Azərbaycanın dəstəklənməsi, xalqımızın milli azadlıq mübarizəsi, onun qəhrəmanlığı, azadlıq və müstəqillik əzmi barədə arxiv məlumatları təqdim edilir.
Kitabın müəllifi tanınmış misirli politoloq, yazıçı, MDB məsələləri üzrə ekspert, nüfuzlu "Al-Diplomasy" qəzetinin baş redaktoru Məhəmməd Salam deyib ki, keçmiş sovet qoşunlarının Azərbaycanın paytaxtı Bakıya yeridilməsi və əliyalın dinc sakinlərə qanlı divan tutulması həm onun, həm də bütün dünyada çoxsaylı azadlıqsevər insanların heysiyyətinə toxunub: "Bu kitabda ilk dəfə olaraq Misir parlamentinin, bu ölkənin rəsmi şəxslərinin və Misir KİV-lərinin həmin faciəli hadisələrə münasibəti təqdim edilir. Misir, onun hökuməti, parlamenti, xalqı və KİV-ləri Azərbaycan tarixində ağır faciə olan 20 Yanvar günlərində onun yanında olub. Kitabda toplanmış faktlar göstərir ki, təkcə Misir deyil, bütün ərəb və müsəlman ölkələri, bu ölkələrin xalqları Azərbaycanı, onun müstəqillik hüququnu dəstəkləyib, Mixail Qorbaçovun əmri ilə sovet qoşunlarının törətdiyi vəhşi təcavüzü pisləyiblər".
Yazıçı qeyd edib ki, kitabda Misir parlamentinin birmənalı mövqeyi əks olunub. Faciədən sonra Misir parlamenti sovet qoşunlarının Bakı şəhərinə müdaxiləsini və dinc sakinlərə qarşı təcavüzünü qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Kitabın müəllifi deyib: "Vurğulamaq istəyirəm ki, keçmiş sovet ordusu tərəfindən törədilmiş bu vəhşiliklər, misli görünməmiş bu cinayət silahsız dinc mülki şəxslərə qarşı yönəldilmişdi, sovet ordusunun tankları dinc vətəndaşları əzirdi. Misir parlamenti, əlbəttə, buna laqeyd qalmadı və Bakıya vəhşicəsinə müdaxilə edilməsini, günahsız dinc vətəndaşların həlak olmasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Beləliklə, Misir parlamenti, ölkənin məsul şəxsləri bu məsələdə qətiyyətli mövqe tutub və Azərbaycanı dəstəkləyiblər. Misir KİV-lərinin mövqeyini də layiqincə qiymətləndirmək lazımdır. Onlar ərəb və müsəlman ölkələri arasında birinci olaraq bu faciəni fəal işıqlandırıb və sovet hərbçiləri tərəfindən törədilmiş cinayəti qətiyyətlə pisləyiblər".
Məhəmməd Salama Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolunu da xatırladaraq qeyd edib ki, Heydər Əliyev bu hadisələrə birinci olaraq qiymət verib və 20 Yanvar faciəsi barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərib. 1990-cı il qanlı 20 Yanvar faciəsinə məhz Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Kitabın müəllifi xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də 20 Yanvar faciəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi əhəmiyyət verir, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm addımlar atır, şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır. M. Salama deyib: "Bu gün bütün dünya bilir ki, Azərbaycanın müstəqilliyinin bərpa edilməsi heç də asan olmayıb. Şəhidlər Azərbaycan xalqının azadlığı və müstəqilliyi yolunda canlarından keçiblər".
Məhəmməd Salama vurğulayıb ki, kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə xüsusi diqqət yetirilib, kitabın bir fəsli bütünlüklə bu məsələyə həsr olunub, erməni təcavüzünün mənbələri və nəticələri ətraflı təsvir edilib. Kitaba bu münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasına dair çoxillik danışıqlar, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə materiallar, habelə Azərbaycan ərazilərinin işğal edilməsinin xronologiyası daxil edilib. Misirli yazıçı deyib: "Kitabda vurğulanır ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə riayət etməli, beynəlxalq hüquqa hörmətlə yanaşmalı, Azərbaycanın işğal edilmiş ərazilərindəki silahlı qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarmalıdır".
M. Salama xüsusi vurğulayıb ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, MDB və digər qurumlar çərçivəsində uzun illər boyu davam edən bu münaqişənin ədalətlə nizamlanması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının geri qaytarılması üçün çox səy göstərir. Yazıçının sözlərinə görə, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü, müasir və yaxşı hazırlıqlı, müasir silahlarla təchiz olunmuş orduya malikdir. Bu gün regionda ən güclü ordu olan Azərbaycan ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır.
Agentliyin müsahibi qeyd edib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Onun fikrincə, Avropa ölkələri və ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması üçün səylərini artırmalıdırlar. Yazıçı hesab edir ki, bu münaqişənin həlli regionda sabitliyi və təhlükəsizliyi təmin edər, bu da öz növbəsində, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayar.
Kitabın müəllifi Məhəmməd Salama söhbətinin sonunda deyib: "Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Ermənistan təcavüzdən əl çəkmir, atəşkəs rejimini daim pozur. Bütün bunlara baxmayaraq Azərbaycanın lideri İlham Əliyev öz ölkəsini tərəqqi və davamlı inkişaf yolu ilə inamla irəli aparır. Son illərdə İlham Əliyevin rəhbərliyi ilə ölkə bütün sahələrdə nəzərəçarpacaq uğurlar qazanıb və bu gün Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutur".