“Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanımır” Siyasət

“Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanımır”

Mübariz Əhmədoğlu: "Rəsmi Tbilisi bu məsələyə laqeydlik göstərir"


"Gürcüstanın erməni əsilli vətəndaşlarının başladığı növbəti təxribat kampaniyası Gürcüstan vətəndaşı olan azərbaycanlıları nəhayət ki, hərəkətə gətirdi. İstənilən tərəfdən ehtiyatsız fikir kəskin qarşıdurmalara gətirib çıxara bilər. Gürcüstanın erməni və azərbaycanlı vətəndaşlarının qarşıdurmasının kökü Gürcüstanın daxilində deyil, qonşularındadır".
Bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Gürcüstan üçün Ermənistanın təhlükəsini artırır: "Ermənistan Gürcüstanın bir-birinə qarşılıqlı hücum etməməklə bağlı müqavilə bağlamaq təklifini rədd etdi. Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanımır. Rəsmi Tbilisi bu məsələyə laqeydlik göstərir. Tbilisinin laqeydliyi artıq özü Ermənistanı Gürcüstanın üzərinə qızışdıran bir vasitəyə çevrilib. Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaması barədə ermənilərin öz versiyası var və o versiyaya da uyğun hərəkət edərək Gürcüstanı daha çox təsir altına almağa çalışırlar".
M. Əhmədoğlu əlavə edib ki, Ermənistan daimi olaraq Gürcüstanın daxilində separatizmi qızışdırır və bunu özü üçün Gürcüstanın daxilinə təzyiq elementi kimi rəsmi Tbilisiyə sırıya bilib: "Gürcüstan vətəndaşı, milliyyətcə erməni, Cavaxetiya regionunda separatizmlə məşğul olduğuna görə həbs olunmuş Vaan Çaxalyan indi İrəvanda Dağlıq Qarabağı Ermənistana birləşdirməklə bağlı mitinqlərə hazırlaşır. Analoji mitinqlərin Cavaxetiya regionunda keçirilməsi də istisna deyil. Dağlıq Qarabağı Ermənistana birləşdirməklə paralel Çaxalyan köhnə ideyasına – Cavaxetiyanı Ermənistana birləşdirmək ideyasına da qayıdacaqdır. Rəsmi Tbilisinin passivliyi onun özünə çox baha başa gələ bilər".
Politoloq vurğulayıb ki, gürcü siyasətçilərin bəzilərinin bu vaxtadək olan düşüncə tərzinə görə Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etmək Gürcüstana sərf etmir: "Onların düşüncəsinə görə, Ermənistanla Azərbaycan arasındakı münasibətin normallaşmasından Gürcüstan əziyyət çəkəcək. Bu düşüncə tərzi altında Gürcüstan heç vaxt vasitəçilik təşəbbüsü irəli sürməyib. Fransanın eks-prezidenti Fransua Olandın Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaq təklifini rədd etdilər. Gürcüstanın ictimai-siyasi mühitinin Dağlıq Qarabağ məsələsinə münasibəti Azərbaycandan baxanda ən azı məyusedicidir; Gürcüstan rəsmiləri bütün dünyaya təbliğ edirlər ki, ermənilər və azərbaycanlılar birlikdə yaşaya bilmirlər. Gürcüstanın keçmiş müdafiə naziri Tina Xidaşelinin ötən ilin sonlarında Atlantik Şurada çıxışı gürcü ictimai-siyasi mühitinin Dağlıq Qarabağ probleminə münasibətinin xarakterik nümunəsidir. O, müzakirələrdə cəmi bircə dəfə Abxaziya və Cənubi Osetiyanın adını çəkdiyi halda 4-5 dəfə Dağlıq Qarabağ münaqişəsinin adını hallandırdı. Yanaşması yalnız ermənipərəst idi. Xidaşelinin müzakirə tərəfdaşlarından biri Dağlıq Qarabağı hətta valyutaya malik olan dövlət kimi təqdim etdi və o da başını tərpətməklə təsdiq etdi".
O bildirib ki, ABŞ konqresmenlərinin Cavaxetiyanın müstəqilliyinə dəstək mövqeyindən gürcü siyasiləri sanki xəbərsizdir: "Rəsmi Tbilisi öz maraqları prizmasından platformasını müəyyən etməli, bunun əsasında Ermənistanla Azərbaycanın münasibətlərini normallaşdırmaq missiyasına başlamalıdır. Azərbaycan alternativ vasitəçiliyin tərəfdarıdır. Gürcüstanın minimum iki qazancı olacaq:
I. Ərazi bütövlüyü prinsipi bizim regionda işlək prinsipə çevriləcək.
II. Gürcüstan üçün Ermənistanın təhlükəsini azaldacaq".