2019-cu il sosial sahədə inqilabi islahatlar ili kimi tarixə düşə bilər Siyasət

2019-cu il sosial sahədə inqilabi islahatlar ili kimi tarixə düşə bilər

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə qeyd etdi ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Dövlətimizin başçısı daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların, ilk növbədə, məhz sosial sferaya yönəldilməsini təmin edib. Beləliklə, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi kimi mühüm addımlar qısa müddətdə atıldı və Prezident bütün bunları həyata keçiriləcək böyük sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi. Doğrudan da qısa müddətdə belə mühüm qərarların qəbul edilməsi 2019-cu ili sosial sahədə inqilabi islahatlar ili kimi qiymətləndirməyimizə əsas verir.
Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda, bu il şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Bu günə qədər isə 6500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verilib. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı, minimum pensiyaların məbləği 38 faiz qaldırılaraq 116 manatdan 160 manata çatdırıldı. Beləliklə, bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq bu da hələ son hədd deyil. Prezident İlham Əliyev bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Ən mühüm məsələlərdən bir də problemli kreditlərlə bağlı olan məsələdir. Bu, olduqca mürəkkəb və çoxmərhələli həll yolu tələb edən bir məsələdir. Dövlət başçısı artıq bununla bağlı da mühüm qərarların qəbul ediləcəyini bildirərək qeyd etdi ki, Azərbaycan problemli kreditlər məsələsini həll etməklə ciddi nümunə göstərəcək. Biz istəyirdik ki, problemli kreditlərlə bağlı məsələ ətrafında ictimai müzakirələr aparılsın və buna nail olduq. Problemli kreditlər məsələsi üzərində ötən ildən başlayaraq fəal iş aparılır. Yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələ də öz həllini tapacaq. Göründüyü kimi, artıq xeyli müddətdir ki, bu istiqamətdə işlər aparılır və məqsəd odur ki, MDB -nin bəzi ölkələrində analoji problemin həlli ilə bağlı qəbul olunmuş qərarların icrası ilə əlaqədar problemlər Azərbaycanda təkrar olunmasın, tez bir zamanda icra edilsin. Bəzi ölkələrdə bənzər qərarlar qəbul edilsə də, problem həll edilmədi, çünki onun icra mexanizmi və maliyyə mənbələri düzgün müəyyən edilməmişdi. Azərbaycanda isə buna yol verilməyəcək və bu problem də öz həllini tapacaq. Bütün bunlar Azərbaycan Prezidentinin planlı sosial siyasətinin tərkib hissəsidir və vətəndaşların sosial rifahının təmin olunmasına yönəlib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə deyib ki, İlham Əliyev sonuncu prezident seçki ərəfəsində öz platformasını elan etmişdi. Həmin platformada əsas yerləri əhalinin sosial təminatının yaxşılaşdırılması, rifah halının yaxşılaşdırılması ilə bağlı məsələlər tuturdu.
O qeyd edib ki, bu mənada sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində uzun müddət idi hazırlıq işləri gedirdi: "Təhlillər aparılırdı. Ötən ildən başlayaraq bu istiqamətdə addımların atılmasına başlanıldı. İlk olaraq şəhid vərəsələrinə 11 min manat ödənilməsi ilə bağlı prezident sərəncamı oldu. Bu siyasət hazırda da davam etdirilir. Bu yaxınlarda minimum əməkhaqqı 39 faizə yaxın artırıldı. Əmək pensiyaları ilə bağlı mühüm qərarlar qəbul edilməkdədir. Bu gün Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı mühüm açıqlamalar verdi. Onlardan biri də problemli kreditlərlə bağlı idi. Azərbaycan Prezidentinin verdiyi məlumatdan belə aydın olur ki, problemli kreditlərlə bağlı ciddi araşdırmalar, təhlillər aparılır. Bütün amillər hamısı öyrənilməlidir. Burada birdən birə mexaniki qərar vermək mümkün deyil. Odur ki, cənab prezident bu gün bir daha bununla bağlı hökumətin təhlillər apardığını vurğuladı. Bununla bağlı müvafiq qərarlar olacaq. Burada elə qərar olmalıdır ki, nə banklar ziyana düşsün, nə də sosial ədalətsizlik baş versin. Eyni zamanda zəruri ehtiyacları üçün kredit alıb qaytarmaqda çətinlik çəkən insanlara dövlət dəstək olsun. Ümid edirəm ki, belə bir optimal qərar olacaq".
S.Məmmədov daha sonra deyib: "Bütün bu addımlar bir daha göstərir ki, prezident seçkiqabağı dövrdə elan etdiyi əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönələn siyasətini davam etdirir və bu, artıq real rəqəmlərdə görünür. Məsələn, əmək və əhalinin sosial müdafiəsi naziri bildirdi ki, Prezident İlham Əliyevin bu gün imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam 577 min vətəndaşı əhatə edəcək. Bu və son vaxtlar bu istiqamətdə imzalanan digər sərəncamlar yüz milyonlarla manat vəsait deməkdir. Dövlətin konstitusiyada elan etdiyi sosialyönümlü dövlət olmasının göstəricisidir".
İnsan Hüquqları və Demokratik Maarifçilik İctimai Birliyinin sədri Rafael Becanov isə qeyd edib ki, müşavirədə olduqca vacib məsələlərdən bəhs edilib: "Bunlardan biri problemli kreditlər məsələsidir. Biz bilirdik ki, problemli kredit portfeli ildən-ilə şişir, aydan-aya böyüyür. İnsanların devalvasiyadan sonra bu kreditləri ödəmək imkanları məhdudlaşıb. Uzun müddət bu məsələ cəmiyyətə müzakirə olundu. Dəfələrlə Milli Məclisdə qaldırıldı. Hamının bir ümidi var idi ki, məsələ müsbət həllini tapacaq.
Prezidentin müşavirədə problemli kreditlər məsələsinə xüsusi diqqət ayırması, yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələnin də öz həllini tapacağını deməsi, müvafiq göstəriş verməsi insanların həyatına müsbət təsir edəcək. Bu, yalnız təqdir olunmalıdır".
Rafael Becanov əlavə edib ki, bundan əlavə, dövlət başçısının imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam da müsbət addımdır:
"Sosial müavinətin məbləğinin yaşa, əlilliyə görə artırılması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması, o cümlədən ailə bacısını itirməyə, uşağın anadan olmasına görə, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması, digər bir neçə kateqoriya üzrə xüsusilə vacib məqamların sərəncamda öz əksini tapması əhalinin ürəyincədir.
Xüsusi vurğulanmalı məqamlardan biri ondan ibarətdir ki, müharibə əlillərinə Azərbaycan Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılıb.
Həmçinin, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Azərbaycan Prezidentinin təqaüdünün məbləğinin 150 manata çatdırılır. Bu məqamların hamısının diqqətdə saxlanılması, müavinətlərin artırılması əhalinin sosial problemlərinin həlli istiqamətində atılmış addımlardır.
Hesab edirəm ki, insanlarımız da bunu müsbət qiymətləndirəcəklər. Çünki onların həyat şəraitinin yaxşılaşmasına bilavasitə təsir edən məsələdir".