“AP-nin 60-dan çox üzvü Xocalı ilə bağlı bəyanat imzaladılar” Siyasət

“AP-nin 60-dan çox üzvü Xocalı ilə bağlı bəyanat imzaladılar”

Cavanşir Feyziyev: "Avropalı deputatların bəyanatında Xocalı hadisələri "insanlığa qarşı cinayət" adlandırılıb"

Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Xocalı soyqırımı ilə bağlı fevral ayının 12-dən Brüsseldə səfərdədir.
Səfər çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verən Cavanşir Feyziyev bildirib ki, hər il olduğu kimi, bu il də fevral ayında dünyanın bir çox paytaxt şəhərlərində Xocalı soyqırımının tanıdılması ilə bağlı çoxsaylı tədbirlər gerçəkləşdirilib: "Avropanın mərkəzi Brüsseldə bu il keçirilən tədbirlər sayına və əhatə dairəsinə görə daha geniş miqyas alıb. Bu tədbirlər ölkəmizin Belçikadakı səfirliyi, bu ölkədə yerləşən ictimai təşkilatlar, diaspor təmsilçiliyimiz və Milli Məclis üzvlərinin iştirakı ilə keçirilib.
Fevralın 21-də Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirdə səfirliyin və ictimai təşkilatların nümayəndələri tərəfindən Belçikanın Konqres meydanında Xocalı şəhidləri anılıb. Rəsmi mərasimdə əbədi məşəl önünə əklil qoyulması ilə Xocalı qurbanlarının xatirəsi yad edilib.
Başqa bir mədəniyyət tədbiri Kral İncəsənət muzeyində təşkil olunub. Burada təşkil olunmuş rəsm sərgisində Belçikada yaşayan azərbaycanlı rəssam Ramal Kazımlının Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib. Sərgidə iştirak edənlərə Xocalı qətliamı haqqında geniş məlumat verilib, müstəqilliyimizin ilk illərində üzləşdiyimiz işğal faktı bir daha sərgiyə gələnlərin diqqətinə çatdırılıb".
Millət vəkili diqqəti fevralın 23-də Brüssel şəhərində Avropa Azərbaycanlılarının Xocalı Soyqırımına həsr olunmuş Ümumavropa Qarabağ mitinqinə yönəldərək qeyd edib ki, bu çox möhtəşəm tədbir idi:
"Bu mitinqi Avropadakı diaspor təşkilatlarımız təşkil etmişdi. Avropanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılardan ibarət izdihamlı yürüş şəhərin mərkəzi küçələrindən keçərək, Avropa Parlamentinin qarşısında müraciətin səsləndirilməsi ilə başa çatdı. Hesab edirəm ki, bu mitinq həm dünya Azərbaycanlılarının Qarabağ ətrafında toparlanması, həm də dünyanın Xocalıya diqqətinin artırılmasından ötrü bundan sonra da mühüm rol oynayacaq".
Xocalı hadisələrinin ildönümü ərəfəsində Avropa Parlamentində aparılan təşviqat işi ilə bağlı sualımıza cavab verən deputat qeyd edib ki, Azərbaycanın nümayəndə heyəti tərəfindən ətraflı məlumatlandırma işləri aparılıb:
"Fevralın 12-dən başlayaraq bu günə qədər keçirilmiş çoxsaylı görüşlərdə Avropa İttifaqının müxtəlif ölkələrini təmsil edən deputatlara Xocalı soyqırımı haqqında ətraflı məlumat verdik. Eyni zamanda onları bu qanlı cinayətə münasibət bildirməyə dəvət etdik. Nəticədə bu il Avropa Parlamentinin 60-dan çox üzvü Xocalı hadisələri ilə bağlı xüsusi Bəyanat imzaladılar. Avropa deputatları öz Bəyanatlarında Xocalı hadisələrini "insanlığa qarşı cinayət" adlandırıb və eləcə də 26 Fevral tarixinin bütün Avropada "Xocalının anım günü" kimi qeyd olunmasına çağırış ediblər. Bu çağırışa qoşulan deputatlar Avropa İttifaqı ölkələrinin yarıdan çoxunu, 16 ölkəni təmsil edirlər və onlar Avropa Parlamentindəki 8 siyasi partiya qrupunun üzvləridirlər".
Deputat bildirib ki, görülən işlər nəticəsində Avropa Parlamenti üzvlərinin Xocalı soyqırımı haqqında bilgiləri çoxalır və Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin sayı artmaqdadır.
Sonda deputat Xocalı soyqırım faktının Holokost və Srebrenitsa kimi beynəlxalq təşkilatlar səviyyəsində tanıdılmasının vacibliyini vurğulayıb və bunun Xocalı qurbanlarının xatirəsinə ən böyük ehtiramın ifadəsi olacağını bildirib.