“Artıq Azərbaycanla hesablaşırlar” Siyasət

“Artıq Azərbaycanla hesablaşırlar”

Məhərrəm Zülfqarlı: "Bunun müsbət nəticələrini son illər daha aydın görürük"

Gürcüstanın Prezidenti Salome Zurabişvili dünən Azərbaycana rəsmi səfərə gəlib. Səfər iki gün davam edəcək. Ekspertlər səfəri şərh ediblər.
Politoloq Məhərrəm Zülfüqarlı deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət öz uğurlu nəticəsini göstərir. Onun sözlərinə görə, bu gün qonşu Gürcüstanın yürütdüyü birtərəfli siyasət, Ermənistanın "forpost" olması onları asılı vəziyyətə salıb: "Amma Azərbaycan həm Rusiya, ABŞ, həm də digər Avropa və Qərb ölkələri ilə, İranla müstəqil siyasət yeridir. Ona görə də artıq Azərbaycanla hesablaşırlar. Təbii ki, biz bunun müsbət nəticələrini son illər daha aydın görürük. Buna da ancaq sevinmək lazımdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin həyata keçirmiş olduğu uğurlu xarici siyasət cənab Prezident tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu düzgün siyasətdir. Əgər biz qərbyönümlü, rusiyapərəst və yaxud iranpərəst siyasət yeritsəydik yəqin ki, indi çox pis vəziyyətdə qalardıq. Ona görə də bizim əsas strategiyamız Azərbaycançılıq və Azərbaycan dövlətinin inkişafıdır. Xarici siyasət də buna yönəldiyinə görə indi dünya dövlətləri bizimlə hesablaşırlar. Təbii ki, bu da Azərbaycanın uğurudur. Azərbaycanın daha da güclənməsi Ermənistanın isə zəifləməsi gələcəkdə böyük dövlətlərin ölkəmizə olan marağını, o cümlədən Azərbaycanla əməkdaşlığı da artıra bilər. Son illər biz bunu Rusiya-Azərbaycan münasibətlərində görürük. Təbii ki, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində gələcəkdə müsbət addımlar atmağa kömək edə bilər".
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavid Osmanov bildirib ki, Azərbaycanla Gürcüstan qonşu dövlətlərdir, iki ölkə arasında çox sıx əməkdaşlıq var: "Ölkələr arasında əməkdaşlıq bir sıra sahələri əhatə edir ki, bura siyasi, iqtisadi, turizm və digərləri daxildir". O bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin dövlət başçısı seçildikdən sonra ilk səfərlərindən birinin məhz Azərbaycana etməsi təsadüfi deyil: "Çünki, Azərbaycan tərəfindən həyata keçirilən trans neft, trans qaz layihələrinin əksəriyyətinin məhz Gürcüstan ərazisindən keçir və bütün bunlar ölkələr arasında iqtisadi baxımdan sıx əməkdaşlığın göstəricisidir". Deputat söyləyib ki, Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir: "Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Enerji sahəsi Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindəndir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi iri layihələr bu əməkdaşlığın çox uğurlu nümunələridir".
C.Osmanov qeyd edib ki, səfərdən sonra ölkələrimizi birləşdirən tarixi dostluq, mehriban qonşuluq əlaqələri daha da yüksək səviyyəyə qalxacaq".