“Azərbaycan mədəniyyətini, yeməyini və musiqisini sevəcəyinizə əminəm” Siyasət

“Azərbaycan mədəniyyətini, yeməyini və musiqisini sevəcəyinizə əminəm”

Türkiyə Cümhuriyyətinnin paytaxtı Ankara şəhərində 4-10 mart tarixlərində beynəlxalq kulinariya günlərinə başlanıb. Dünyanın bir çox ölkələrənin qatıldığı kulinariya günlərinin açılışı Azərbaycan mətbəxiylə başlayıb.
Srağagün Ankara Hilton SA Oteldə baş tutan açılış mərasimində Ankara şəhərində akreditə olunan və fəalyyət göstərən xarici ölkələrin səfirlik və nümayəndəliklərinin əməkdaşları, tanınmış ictimai – siyasi şəxslər, incəsənət və media nümayəndələri, eləcə də Azərbaycanla ilgilənən yerli ziyalılar iştirak ediblər.
Azərbaycanın Türkiyədəki Səfirliyinin, Ankara Hilton SA Otelinin və Buta Baku Kafenin birgə təşkilatçılığıyla gerçəkləşən milli mətbəximizin tanıtımı günündə açılış nitqi ilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edib. Azərbaycanın Türkiyə üçün heç də yad bir ölkə olmadığını vurğulayan səfir Azərbaycan mətbəxinin zənginliyindən də söz açıb.
"Ümid edirəm sizlər bir həftə boyunca sadəcə azərbaycanlı ustad aşçıların bişirdikləri yeməklərin dadına baxmayacaqsınız, həm də Azərbaycan mədəniyyəti ilə tanış olacaqsınız. Azərbaycanın mədəniyyətini, yeməyini və musiqisini sevəcəyinizə şübhə etmirəm. Biz səfirlik olaraq hər zaman sizlərə Azərbaycan mədəniyyətini daha yaxından tanımağınıza kömək etməyə hazırıq".
Qonaqlar daha sonra Azərbaycan musiqilərinin müşayiətilə və milli geyimdə olan gənclərimizin təqdimatı ilə azərbaycanlı aşbazların hazırladıqları mətbəximizin ləziz təamlarının dadına baxıblar.
Tədbirin musiqi ziyafəti 23 ildir Ankara Dövlət Opera və Balet Teatrında pianoçu olaraq çalışan Bakı Musiqi Akademiyasının məzunu Nailə Əhmədovanın və skripkaçı Hüseynəli Hüseynəliyevin ifaları ilə gerçəkləşib. Azərbaycan korifeylərindən Qara Qarayevin, Fikrət Əmirovun və Tofiq Quliyevin əsərlərindən parçalar səsləndirilib.