“Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir“ Siyasət

“Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir“

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə Mustafa Şentopu təbrik edib və onun bu statusda ilk səfərini Azərbaycana etməsinin məmnunluq doğurduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ilk yüksək səviyyəli səfərlərin qarşılıqlı şəkildə həyata keçirilməsi adət-ənənə xarakteri daşıyır və bu, iki ölkənin qardaşlığının və dostluğunun bariz nümunəsidir. Dövlət başçısı bu baxımdan keçən il Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradda Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə birgə yürüşünü xatırladıb. Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlığın bu gün yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin üçtərəfli və dördtərəfli regional formatlarda da əməkdaşlığını vurğulayıb. Dövlət başçısı Azərbaycan və Türkiyənin birgə səylərlə həyata keçirdiyi önəmli regional təşəbbüsləri, o cümlədən artıq istismara verilmiş TANAP, "STAR" neft emalı zavodu kimi irimiqyaslı layihələri qeyd edib. Prezident İlham Əliyev, həmçinin Azərbaycan və Türkiyənin bütün məsələlərdə bir-birini dəstəklədiyini, beynəlxalq təşkilatlarda, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində sıx əməkdaşlıq etdiyini nəzərə çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu vəzifəyə seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsindən şərəf duyduğunu bildirib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki ölkənin olmadığını deyərək əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. O da öz növbəsində TANAP, TAP və "STAR" neft emalı zavodu kimi irimiqyaslı layihələrin ölkələrimizi daha da yaxınlaşdırdığını vurğulayıb. Mustafa Şentop Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin daim Azərbaycanın yanında olduğunu, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini deyib. O, bu il Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısına ev sahibliyi edəcəyini bildirərək ölkələrimizin Türk Şurası, TÜRKPA, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və digər təsisatlarda uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.