“Gürcüstan “Qazprom”la danışıqları başa çatdırıb” Siyasət

“Gürcüstan “Qazprom”la danışıqları başa çatdırıb”

"Gürcüstan Rusiyanın "Qazprom" şirkəti ilə danışıqları başa çatdırıb".
Bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.
Oun sözlərinə görə, şirkətlə danışıqlar zamanı Gürcüstanın enerji təhlükəsizliyi və daha yaxşı müqavilə şərtləri əsas tutulub: "Qazprom"la danışıqlar, faktiki olaraq, yekunlaşdırılıb. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi danışıqlar zamanı iki prinsipə – enerji təhlükəsizliyimiz və müqavilədə ölkənin mövqelərinin yaxşılaşdırılmasına riayət edib. Hökumətin iclasından sonra nazirlik bu məsələ ilə bağlı bəyanatla çıxış edəcək".
Qeyd edək ki, Gürcüstan təbii qaz ehtiyatını idxal hesabına təmin edir. 2019-cu ildə ölkənin 2 mlrd. 559,6 mln. kubmetr həcmində qaz istehlak edəcəyi proqnoz olunur. Gürcüstan bu həcmin böyük hissəsini Azərbaycandan alır. Artıq ikinci ildir Gürcüstanın təbii qaz balansında Rusiyadan qaz tədarükü nəzərdə tutulmur.
Gürcüstan və "Qazprom" Ermənistana qaz tranzitinin yeni şərtləri barədə 2017-ci ilin yanvarında razılığa gəliblər. Buna qədər Gürcüstan tərəfi ödənişi təbii qazla alırdı. İki il müddətinə əldə olunmuş yeni razılaşmaya əsasən isə birinci il Gürcüstan tranzitə görə ödənişi xammalla, ikinci il isə pulla əldə edib. Sazişin müddəti 2018-ci ilin dekabrın 31-də başa çatıb.