Ceyms Uorlik ümid edir... Siyasət

Ceyms Uorlik ümid edir...

Amarikalı həmsədr: "Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşmək barədə təklifi qəbul edəcəklər"


"Biz Azərbaycan-Ermənistan sərhədində, habelə təmas xəttində insan ölümlərindən narahatlıq keçiririk. Yaralanma və ölüm hallarına gətirib çıxaran insidentlərin sayı tərəflərlə sülh axtarışları istiqamətindəki səylərimizdə reqressdir".
Bu fikirləri APA-ya müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik açıqlayıb.
Uorlik deyib ki, ABŞ və Minsk qrupunun həmsədrləri tərəflərə münaqişənin sülh yolu ilə həlli üçün kömək etmək istəyirlər: "Bu münaqişənin müharibə yolu ilə həlli yoxdur. Faktiki olaraq həmsədrlər gələcək addımları müzakirə etmək üçün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək istəyirlər".
Amerikalı həmsədr, eyni zamanda prezidentlərin Parisdə görüşmək barədə təklifi qəbul edəcəklərinə ümid bəslədiyini də dilə gətirib: "Ötən ilin noyabrında prezidentlər Vyanada görüşəndə, tərəqqinin mümkünlüyüyün şahidi olduq. İnanırıq ki, bu müzakirələrin davamı sülhə doğru vacib bir addım olacaq. Həmsədrlər və ABŞ istənilən köməyi göstərməyə hazırdır".
Uorlik fransalı həmsədr Pyerre Andriyunun artıq öz səlahiyyətlərinin icrasına başladığını da bildirib.