“Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq” Siyasət

“Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq”

Hikmət Babaoğlu: “Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək”

“Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır. Onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal altında saxladıqları Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmə cəhdləridir”. Bunu millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, bir müddət əvvəl Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında “Dostluq haqqında xartiya” imzalanmışdı. Bu fakt əlbəttə ki, digər bənzər faktlar kimi Azərbaycan tərəfindən nəzarətə götürüldü və onun ləğv edilməsi üçün müvafik qurmlarla səmərəli iş aparıldı: “Nəticədə Azərbaycan problemin hüquqi müstəvidə və obyektiv şəkildə həll edilməsinə nail oldu. Beləki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etdi. Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq əlbəttə uğur hesab edilə bilər”. Millət vəkilinin fikrincə bu faktın başqa mühüm tərəfləri də var ki, bu da onun yeni hüquqi president yaratmış olmasıdır: “Məhkəmənin öz qərarını imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırması bu hüquqi presidentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır və bu təkcə Fransada deyil, digər Avropa Birliyi ölkələrində də bənzər hadisələr baş verərəsə president kimi qəbul edilə bilər. Məlumdur ki, Azərbaycanın birinci vitse –prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı bu tipli məsələləri də Fransa hökumətinin diqqətinə çatdırmiş və belə məsələlərin yolverilməz olduğunu bildirmişdi. Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq. Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq”.