Əminə Dilbazinin 100 illik yubileyi qeyd olunacaq Siyasət

Əminə Dilbazinin 100 illik yubileyi qeyd olunacaq

Prezident İlham Əliyev "Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.
Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir".
Sərəncamla Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyinə Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycanla Rusiya arasında təhlükəsizliyə dair danışıqlar keçirilib

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
Görüşdə terrorçuluq və ekstremizmlə mübarizə məsələləri, habelə iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Ramil Usubovu hazırkı vəzifəyə təyin olunması münasibətilə təbrik edən qonaq iki ölkə arasında təhlükəsizlik şuraları və güc qurumları xətti ilə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.
“İki ölkənin bir sıra nazirlik və idarəçilərin ekspertləri arasında keçirilən məsləhətləşmələr zamanı terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunların təkmilləşdirilməsinə, habelə inmformasiya təhlıükəsizliyinin təmin olunmasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd olunub.
Rusiyalı qonaq həmçinin iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın da sürətlə inkişaf etdiyini deyib. O, Rusiya-Azərbaycan dövlət sərhədində müştərək infrastruktur layihələrinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin də əhəmiyyətini vurğulayıb.