“Fransaya çox sərt etiraz bildirilməlidir” Siyasət

“Fransaya çox sərt etiraz bildirilməlidir”

Millət vəkili: "Onun həmsədr kimi qalıb-qalmaması məsələsi gündəmə gətirilməlidir”

“Fransa parlamentinin bir neçə üzvünün rəsmi Bakının izni olmadan Dağlıq Qarabağa səfərləri Azərbaycan qanunlarını və beynəlxalq normaları pozmaqla yanaşı, həm də onların təmsil etdikləri ölkənin Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasını şübhə altına qoyur”.
Bunu millət vəkili, politoloq Sahib Alıyev bildirib.
“Onlar “Dağlıq Qarabağ xalqı”nın dostları kimi təqdim edilsələr də, atdıqları bu addımla əslində terroru, işğalı və separatçılığı dəstəklədiklərini göstərir.
Həmçinin, regionda gərginliyin və savaş təhlükəsinin artmasına öz “töhfə”lərini verirlər…”-deyə, politoloq vurğulayıb.
Millət vəkili Eldəniz Səlimov isə fransalı deputatların bu addımlarının əslində gözlənilməz olmadığını bildirib.

Qeyd edib ki, illərdir Azərbaycanın sərt və kəskin etirazlarına baxmayaraq, fransalı parlamentarilər, siyasilər, dövlət, iş, biznes, sənət adamları bu cür qanunsuz addımları davam etdirir, beynəlxalq hüquq normalarına, Azərbaycan ərazi bütövlüyü və suverenliyinə açıq hörmətsizlik ifadə edirlər.

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri olsa da, digər həmsədr ölkələr kimi, bir dəfə olsun belə Ermənistana sərt mövqe bildirən yanaşma, addım ortaya qoymayıb, nümayiş etdirməyib. Əksinə, digər həmsədr ölkələri geridə qoyaraq, daha çox – açıq və gizli şəkildə təcavüzkar və işğalçı ölkəyə hərtərəfli dəstəyini nümayiş etdirib. Tarixən, eləcə də, bu gün ermənilərin ən güclü lobbisi və diasporu Fransadadır və onlar istədikləri fransalı siyasətçini, deputatı, iş, biznes adamını, hökumət və dövlət rəsmisini ələ alırlar. Bu gün Fransa ən əsas erməni və Ermənistanpərəst ölkədir.

Çox təəssüflər olsun ki, belə bir ölkəyə Qarabağ münaqişəsi kimi, çox vacib və çox ağrılı bir problem həvalə olunub. Bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri olmağa heç bir əsası yoxdur. Erməni və Ermənistanpərəst bir ölkə necə ədalətli hakim rolunda çıxış edə bilər? Odur ki, Fransadan olan deputatların da Qarabağa son səfərində təəccüblü, gözlənilməz bir şey gözləmirəm. Onlar hər zaman etdiklərini, bu gün də davam etdirirlər, beynəlxalq səviyyədə təpki görmədikcə, cəzalandırılmadıqca, sabah da bu addımlarını davam etdirəcəklər.

Ona görə də Fransaya çox sərt etiraz bildirilməlidir, onun həmsədr kimi qalıb-qalmaması məsələsi gündəmə gətirilməli, ATƏT-in Minsk qrupunda, Minsk Konsfransında bu məsələ qaldırılmalıdır. Bu cür addımlara son verilməyəcəyi təqdirdə isə onun həmsədrlikdən uzaqlaşdırılacağı nəzərinə çatdırılmalı, xəbərdarlıq edilməlidır. Çünki Fransanın bu cür həmsədrliyinə ehtiyac yoxdur. Ya öz yanlış siyasətindən əl çəkməli, Ermənistanla, ermənilərlə arasına məsafə qoymalı, həmsədr kimi məsuliyyətini dərk edib, üzərinə düşən vəzifənin öhdəsindən gəlməli, ya da həmsədrlikdən getməlidir…”-deyə, millət vəkili sözlərinə əlavə edib.