“Paşinyan komandasında istefaların davamlı olacağı gözlənir” Siyasət

“Paşinyan komandasında istefaların davamlı olacağı gözlənir”

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib.
Ardınca isə Ermənistan Polisinin rəisi Valeri Osipyan tutduğu vəzifədən ayrılması barədə istefa ərizəsini təqdim edib.
Ermənistan mətbuatının yazdığına görə, Müdafiə naziri David Tonoyan da tutduğu postdan gedəcək.
Güc strukturları rəhbərlərinin istefa səbəblərini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib ki, müxalif qüvvələrin Ermənistan hökumətinə kifayət qədər təsiri var.
Onun sözlərinə görə, həm müxalif, həm də hökumətdəki bəzi qüvvələr Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili və xarici siyasətinin əleyhinədirlər.
“Nikol Paşinyanın hakimiyyətə gəldiyi zaman verdiyi vədləri reallaşmayıb. Ermənistanın vəzifəli şəxsləri də müəyyən şəkildə buna öz narazılığını bildirirlər. Ermənistanda vəzifəli şəxslərin ard-arda istefası onu göstərir ki, Paşinyan komandasını formalaşdıra bilməyib”.
Şair Ramaldanov əlavə edib ki, Ermənistan hökumətində komanda formalaşmamış vəzifəli şəxslər Nikol Paşinyanı tərk edirlər.
Şair Ramaldanov istefalara səbəb olan digər amilə də diqqət çəkib.
“İstefaların digər səbəbi Ermənistanda olan iqtisadi-siyasi böhran, sosial gərginliklə bağlıdır. Düşünürəm ki, istefalar həm də “Qarabağ klanı”nın təsiri ilə əlaqədardır.
Ermənistanın geosiyasi arenada nüfuzu da getdikcə aşağı düşür. Eyni zamanda, Yerevanın müttəfiqləri ilə gərginliyi hökumət daxilində problem yaradıb. Hesab edirəm ki, Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək”, - deyə Şair Ramaldanov əlavə edib.
Millət vəkili Elman Nəsirovun sözlərinə görə, Ermənistan hakimiyyətində bundan sonra da istefaların davam edəcəyi ehtimalı yüksəkdir: “Dəfələrlə belə fikirlər səslənib ki, Paşinyan populist siyasətçidir. Eyni samanda, onun siyasəti qeyri-müəyyənliklə xarakterizə olunur. Bu həm daxili, həm də xarici siyasətə aiddir. Siyasətdə qeyri-müəyyənlik gec və ya tez öz çatlarını verməli idi. Xüsusilə də Paşinyanın daxili siyasətdə çox ciddi addımlar atacağı, iqtisadi inqilab edəcəyi ilə bağlı vədlər quru vəd olmaqdan başqa bir şey deyil. Reallıq isə bununla daban-dabana ziddir. Vəziyyət gör nə həddə gəlib çatıb ki, bir vaxtlar Paşinyanı müdafiə edən qüvvələr indi ona qarşı olan qüvvələrin sırasına qoşulur. Bu da Ermənistan Baş naziri üçün faciəvi bir prosesdir.
Digər tərəfdən, “Qarabağ klanı” indi daha kəskin şəkildə Paşinyana qarşı çıxır. İki klan arasında ixtilaf çox ciddi şəkildə kəskinləşməkdədir. Bu reallıqda indi Ermənistanda tez-tez belə fikirlər səslənməkdədir ki, görəsən onun hakimiyyəti nə qədər çəkəcək? Artıq belə sualların verilməsinin özü belə onun üçün olduqca mənfi bir haldır. Artıq erməni mətbuatında tez-tez belə fikirlər səslənməkdədir ki, Paşinyanın “gəmisi” deyəsən batmaqdadır. Belə olan halda, onun ən yaxın ətrafı ondan uzaqlaşmaq barəsində qərar verir. MTX rəhbəri Artur Vanetsyanın istefasından sonra digər güc strukturlarında da istefaların olacağı ilə bağlı fikirlər səslənir.
Bununla belə, parlamentdə Paşinyanı dəstəkləyən “Mənim addımım” blokunda təmsil olunan partiyalar arasında bir sıra məsələlərlə əlaqədar kəskin ixtilaflar yaranıb. Paşinyanın parlamentdəki silahdaşları belə, çox çətinliklə onu müdafiə edirlər. Bütün bunlar da onu göstərir ki, Paşinyan komandasında istefaların davamlı olacağı gözlənir”