“Paşinyanın atdığı addımlar qeyri-dəqiqdir və konseptual məzmuna malik deyil” Siyasət

“Paşinyanın atdığı addımlar qeyri-dəqiqdir və konseptual məzmuna malik deyil”

“Dağlıq Qarabağın daxilində vəziyyət gərginləşir. Dağlıq Qarabağı və Dağlıq Qarabağdakı proseslərlə Ermənistanın özündəki proseslərin spesifikliyini bilənlər razılaşırlar ki, Dağlıq Qarabağdakı vəziyyət artıq nəzarətdən çıxır və vəziyyətin nəzarətdən çıxması Ermənistan dövlətçiliyinin taleyində ən həlledici amil rolunu oynaya bilər. SSRİ dağılan ərəfələrdə Ermənistan ermənilərinin irəli sürdüyü əsas şüar “İvan çamadanını götür, get evinə”, indi isə hazırda eyni yanaşma Dağlıq Qarabağ klanına şamil edilir. Səbəbsiz də deyil. Çünki erməni xalqı istədiyinə nail ola bilmədi. Çox böyük ümidlər yaradıldı”. Bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, məhz Qarabağ məsələsinə görə Ermənistanın və dünya erməniliyinin potensialı hazırda minimaldır: “Əgər Fransa prezidenti Jak Şirakı Ermənistana səfərə gətirən A.Çuruk kimi milliyyətcə erməni şirkət rəhbəri var idisə, ABŞ da E.Cerecyan prezident müşaviri, milliyyətcə erməni 5-6 konqresmen, senator və qubernator idisə, indi belə ermənilər yoxdur. “Avrora” mükafatının təsisçisi, “Troyka-dialoq”un rəhbəri R.Vardanyanın atdığı addımları göstərirdi ki, dünya erməniliyinin 88-ci ildə olan gücünə yaxınlaşmaq Ermənistanın baş bilənləri üçün əl çatmazdır. Belə vəziyyətdə Ermənistanın rəhbərliyi Nikol Paşinyandır. Paşinyanın bütün atdığı addımlar qeyri-dəqiqdir və heç bir konseptual məzmuna malik deyil. Amma bu o demək deyil ki, N.Paşinyan dünya erməniliyinin qarşısında duran problemi bilmir. N.Paşinyan çox gözəl bilir ki, dünya erməniliyini iflasa uğradan Dağlıq Qarabağ məsələsidir. Ona görə N.Paşinyanın Dağlıq Qarabağ məsələsinə yanaşması ikilidir, hələ də başa düşmək olmur ki, o, Dağlıq Qarabağ məsələsini doğrudan da həll etmək istəyir, yoxsa Dağlıq Qarabağ klanının maraqları çərçivəsində bu tənzimlənməni yubatmaq istəyir”.
Politoloq qeyd edib ki, zaman isə Ermənistanın rəhbərliyini sıxır, bəzi məsələlərdə konkretliklər üzə çıxır: “Bunlardan biri qondarma qurumun de-fakto rəhbəri Bako Saakyanı Yerevanda qəbul edərkən N.Paşinyanın ona xitabən marzpet və ya qubernator deməsidir. Yəni Dağlıq Qarabağ Ermənistanın bir tərkib hissəsi, quberniyasıdır və B.Saakyanı N.Paşinyan qubernator və yaxud marzpet vəzifəsində saxlayacaq. Beləliklə, N.Paşinyan özünün Dağlıq Qarabağdakı seçkilərə hazırlıq kampaniyasını şübhə altına alır. Masis Mailyan hal-hazırda ciddi surətdə seçkilərə hazırlaşır. Həm də Dağlıq Qarabağ əgər Ermənistanın tərkib hissəsidirsə o zaman N.Paşinyanın Azərbaycan Prezidenti ilə yaxud ATƏT-in Minsk Qrupu ilə danışıqlar aparmasına da ehtiyac qalmır. Eyni zamanda o da mümkündür ki, N.Paşinyanın B.Saakyana marzpet və yaxud qubernator deməsi də Paşinyanın B.Saakyanı aldatması və yaxud dilə tutması anlamında başa düşülə bilər. Çünki N.Paşinyan B.Saakyanı Dağlıq Qarabağla əlaqəli ən azı 3 görüşdən sonra qəbul etdi”.
M. Əhmədoğlu əlavə edib ki, Aşqabadda Paşinyan çox pis atmosferdə Prezident İlham Əliyev ilə söhbət etməyə məcbur oldu: “ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş, eləcə də Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın Yerevanda olarkən Dağlıq Qarabağ məsələsini qabartmasını, Rusiya Prezidenti Vladimir Putinin N.Paşinyanla ayaqüstü görüşünü də bura əlavə edə bilərik. N.Paşinyan V.Putinə Dağlıq Qarabağ mövzusunu sırımaq istədi. Hər halda Putinin verdiyi reaksiya Paşinyanı qane edici olsaydı, dərhal bunu mətbuata çıxarardı. Belə olan halda N.Paşinyan nəyə getdiyini bilsə də sonda da nə cür hərəkət edəcəyi ona bəlli deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin ətrafında baş verən digər proseslərdə onun tutduğu mövqe kifayət qədər ciddi səhvdir. Əgər o, bu gün 5 il bundan qabağa hərbi büdcəni artırmağı planlaşdırırsa və bunun əvəzində Ermənistanda vacibi iqtisadi layihələrə pul tapılmırsa, bu Paşinyanın konseptual düşüncəyə malik olmadığının ən yaxşı göstəricilərindən biridir”.