Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı inkişaf edir, mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm Siyasət

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı inkişaf edir, mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm

Azərbaycan iqtisadiyyatı inkişaf edir, mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir:

"Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır.

İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik".