
Latviya naziri: "Torpaqların işğalı böyük haqsızlıq və siyasi ədəbsizlikdir"
"İstər regional, istərsə də beynəlxalq səviyyədə olan fəaliyyətimdə hər məqamda Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsini, Azərbaycana vurulan maddi və mənəvi zərərin Ermənistan tərəfindən mütləq ödənilməsini dəfələrlə bəyan və tələb etmişəm".
Bunu APA-ya açıqlamasında Latviyanın yeni təyin olunmuş regional inkişaf və ətraf mühit naziri, milliyyətcə azərbaycanlı Roman Naudinş bildirib.
O təəssüflə qeyd edib ki, keçirdiyi görüşlərdə Avropada əksər insanların Qarabağ problemi ilə bağlı ətraflı məlumata malik olmamasının şahidi olub: "Çoxları elə bilir ki, münaqişənin adından göründüyü kimi, yalnız Dağlıq Qarabağ işğal olunub. Ətraf 7 rayonun işğalı haqqında isə ümumiyyətlə, xəbərsizdirlər. Mən keçirdiyim istənilən görüşün formatından asılı olmayaraq, qeyri-rəsmi hissədə vaxt ayırıb avropalılara Qarabağ problemi ilə bağlı izahat verirəm. Hərçənd hərdən mənə irad tutulur ki, bu cür söhbətlər rəsmi və vəzifə mənsubiyyətimə uyğun deyil. Amma mən buna yox, reallığın Avropadakı bəzi insanlara çatdırılmasına çalışıram. Axı necə ola bilər ki, XXI əsrdə Avropanın düz qonşuluğunda heç bir əsas olmadan qonşu ölkənin torpaqlarını tutasan və əhalisini də qırasan? Bu böyük haqsızlıq və siyasi ədəbsizlikdir. Mən hər bir imkandan istifadə edib Avropada bu problemlə bağlı həqiqətlərin aydınlaşmasına çalışıram. Çünki mən Latviyanın naziri olsam da, həqiqəti deməliyəm ki, kökümün mənsub olduğu Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalıb".
Latviyanın regional inkişaf və ətraf mühit naziri əlavə edib ki, onun üçün prioritet vətəni Azərbaycanla əlaqələrin yüksək səviyyədə olmasıdır: "Bu postda məndən əvvəlki nazir Latviya üçün ciddi olan bu sahədə bütün postsovet ölkələri yanaşı, Azərbaycanla da əlaqələri sıfır vəziyyətinə endirmişdi".
O qeyd edib ki, artıq məhz bu cür nöqsanlara görə ondan əvvəlki nazir istefaya gedib: "İndi mənim hökumətdə məqsədim ilk olaraq Azərbaycanla bu sahədə ən geniş formada əlaqələri bərpa etməkdir. Çünki mənim üçün prioritet vətənim Azərbaycanla Latviyanın hər bir sahədə, o cümlədən Latviya iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən rəhbərlik etdiyim sahədə də əlaqələrinin yüksək səviyyədə olmasıdır".
Nazir vurğulayıb ki, artıq bu istiqamətdə işə başlayıb və hətta Azərbaycan dövlətinə Latviya adından onun təşəbbüsü ilə məktub da göndərilib.
Qeyd edək ki, R.Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır.