11:26
525
“Azərbaycan idxalı əvəzləməkdən daha çox ixracın stimullaşdırılması siyasətinə üstünlük verməlidir”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli xalqcebhesi.az açıqlamasında deyib.
Ekspert bildirib ki, qlobal ticarətdə baş verən dəyişikliklər fonunda kiçik ölkələr üçün əsas prioritet rəqabətqabiliyyətli ixrac iqtisadiyyatı qurmaq olmalıdır:
“Azərbaycan kimi kiçik ölkələr böyük dövlətlərlə iqtisadi şərtlər müəyyənləşdirə bilməz. Ona görə də əsas hədəf ixrac imkanlarını genişləndirmək olmalıdır. Hazırda ölkə neft-qaz məhsulları ixrac edir, gələcəkdə elektrik enerjisinin ixracı da nəzərdə tutulur. Lakin qeyri-neft sektorunda da ixrac yönümlü siyasətin gücləndirilməsinə ehtiyac var.
Sahibkarlığın inkişafı üçün biznes mühitinin daha da yaxşılaşdırılması vacibdir.
İdarəetmənin təkmilləşdirilməsi, kapitalın sərbəst hərəkəti, müqavilə hüququnun qorunması, rəqabət mühitinin yaxşılaşdırılması, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, kredit resurslarına çıxış imkanlarının artırılması, vergi və gömrük yükünün azaldılması istiqamətində addımlar atılmalıdır”.
Ekspert vurğulayıb ki, yalnız güclü sahibkarlıq mühiti yaradılacağı halda ixrac potensialını artırmaq mümkün olacaq:
“Böyük dövlətlərin şirkətləri belə xarici bazarlarda rəqabət aparmaq üçün dövlət dəstəyinə ehtiyac duyursa, kiçik ölkələrin şirkətləri üçün bu dəstək daha vacibdir. Sahibkarlığın inkişafı nəticə etibarilə ixracın artmasına gətirib çıxaracaq”.
Günel Elxan