“Hazırkı razılaşmanın yeni böhranlarla üzləşməsi mümkündür” Gündəm

“Hazırkı razılaşmanın yeni böhranlarla üzləşməsi mümkündür”

“Bu razılaşmanı ABŞ və İran arasında bütün problemlərin həlli kimi deyil, daha çox yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirmək lazımdır. Əvvəla, nəzərə almaq lazımdır ki, Vaşinqton və Tehran arasında qarşıdurmanın kökləri təkcə son aylarda yaşanan hadisələrlə bağlı deyil. Tərəflər arasında nüvə proqramı, regional nüfuz uğrunda rəqabət, sanksiyalar, İsrail amili və İranın regiondakı müttəfiq qüvvələrə münasibəti kimi fundamental fikir ayrılıqları mövcuddur. Buna görə də əldə olunan razılaşma hərbi gərginliyi azaltsa da, bu ziddiyyətləri avtomatik şəkildə aradan qaldırmır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.

V.Zifəroğlu söyləyib ki, prosesin növbəti mərhələsində tərəflərin qarşılıqlı etimadın bərpasına çalışacağı gözlənilir: “ABŞ müəyyən iqtisadi və maliyyə məhdudiyyətlərinin yumşaldılması imkanlarını nəzərdən keçirə bilər. İran isə öz növbəsində regionda gərginliyi artıracaq addımlardan çəkinməyə və nüvə proqramı ilə bağlı daha şəffaf davranmağa məcbur olacaq. Məhz bu mərhələdə tərəflərin öhdəliklərə nə dərəcədə əməl etməsi razılaşmanın taleyini müəyyənləşdirəcək. Ən mühüm məsələ isə İranın nüvə proqramı olaraq qalır. ABŞ və onun müttəfiqləri İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır. Tehran isə uranın zənginləşdirilməsi hüququnun ölkənin suveren hüququ olduğunu bildirir. Əgər bu məsələ üzrə qarşılıqlı qəbul edilə bilən kompromis əldə olunmasa, hazırkı razılaşmanın gələcəkdə yeni böhranlarla üzləşməsi mümkündür”.

Ekspertin fikirlərinə görə, digər tərəfdən, İsrail faktoru da xüsusi əhəmiyyət daşıyır: “İsrail rəhbərliyi İranın hərbi və nüvə potensialına qarşı sərt mövqeyini qoruyur. Bu səbəbdən Vaşinqton və Tehran arasında münasibətlərin normallaşması belə, regiondakı bütün riskləri aradan qaldırmır. Əksinə, gələcək prosesdə ABŞ-nin İranla dialoqu ilə İsrailin təhlükəsizlik narahatlıqları arasında balans tapılması əsas məsələlərdən biri olacaq. Bu səbəbdən demək olar ki, yaxın perspektivdə əldə olunan sülhün qorunması ehtimalı yüksəkdir. Lakin onun uzunmüddətli və davamlı xarakter alması nüvə proqramı, sanksiyalar, İsrail amili və regional təhlükəsizlik məsələləri üzrə əldə olunacaq yeni razılaşmalardan asılı olacaq. Hazırkı saziş Yaxın Şərqdə sabitliyə doğru mühüm addım olsa da, hələlik tərəflər arasında tam və strateji barışıqdan danışmaq üçün kifayət qədər əsas yoxdur. Bu, daha çox gələcək danışıqlar üçün yaradılmış siyasi imkan pəncərəsi kimi qiymətləndirilməlidir”.

Röya İsrafilova