"Azərbaycan dövlətinə xidmət edəcəyimizi qarşımıza məqsəd qoymuşuq" Siyasət

"Azərbaycan dövlətinə xidmət edəcəyimizi qarşımıza məqsəd qoymuşuq"

Ümumrusiya ictimai təşkilat - "Rusiya Azərbaycanlıları Konfederasiyası" (RAK) yaradılıb.
Konfederasiyanın Rusiyanın 85 subyektində, Moskva vilayətinin bütün inzibati dairələrində və rayonlarında nümayəndəliklərinin fəaliyyəti planlaşdırılır. Artıq bu planın həyata keçirilməsinin ilkin mərhələsi ilə bağlı toplantı keçirilib, müvafiq tapşırıq və tövsiyələr verilib. Konfederasiyanın prezidenti, Qarabağ döyüşlərinin iştirakçısı, uzun illər Rusiyada yaşayan soydaşımız Yaşa Paşayev Avrasiya.net-ə bildirib ki, əsas məqsəd Rusiyada yaşayan azərbaycanlıları bir araya gətirmək, həmrəylik yaratmaq və onların problemlərini, hüquqlarını qorumaqdır. Y.Paşayev onu da vurğulayıb ki, Rusiyada diaspor yaratmaq, fəaliyyət göstərmək o qədər də asan deyil: "Bu gün elə diaspor təşkilatlarının sayı çoxdur, amma ortaya bir iş qoya bilməmişik. Azərbaycan diaspor təşkilatları pərakəndə fəaliyyət göstəriblər, həm daxildən, həm də xaricdən güclü təsirlərə məruz qalıb, parçalanıblar, dağılıblar, zəiflənib". Rusiyada azəraycanlıların yeni təşkilatı yaradılıb - RAK Onun sözlərinə görə, güclü diaspor təşkilatı qurmaq, fəaliyyətini gücləndirmək üçün ora cəmiyyətin intellektual nümayəndələrini cəlb etmək lazımdır: "Rusiyada əksər diaspor təşkilat sədrlərinin əsas məqsədi təşkilat çətiri altında biznesini qurmaqdır. Onları vətən, millət, dövlət maraqlandırmır. Ona görə də, şəxsi məqsədləri üçün yaradılan təşkilatlar tez bir zamanda parçalanmaya məruz qalır. Çoxunun da dövlət qeydiyyatı yoxdur, ora cəmləşən insanların da cəmiyyətə, hansısa prosesə müdaxilə etmək gücündə olmurlar. Çünki, düşünən beyinləri yoxdur, fəaliyyətləri milli maraqlar üzərində qurulmayıb". Y.Paşayev onu da bildirib ki, yeni yaradılan RAK-da ölkənin tanınmış azərbaycanlı ziyalıları təmsil olunacaq, əsas hədəf Azərbaycan həqiqətlərini təbliğ etmək və Rusiyada yaşayan azərbaycanlılara dəstək olmaq, ölkənin ictimai-siyasi proseslərinə təsir etməkdir: "Rusiya nəhəng və ermənilərin güclü diaspor təşkilatının mövcud olduğu bir ölkədir. Hansılar ki, yerli hakimiyyət orqanlarına təsir etmək imkanları güclüdür. Biz onlara təsir etmək gücünü formalaşdırmalıyıq. Bunun üçün sözdə yox, işdə, əməldə özümüzü göstərməliyik. Rusiyanın bütün subyektlərində güclü şəkildə formalaşmalıyıq, təşkilatlanmalıyıq. Azərbaycanı, dövlətçiliyimizi qorumalıyıq". Rusiyada azəraycanlıların yeni təşkilatı yaradılıb - RAK RAK prezidentinin sözlərinə görə, Rusiyada Azərbaycana qarşı düşmən kəsilən qüvvələr az deyil. Həm yerli, həm də azərbaycanlıların özləri tərəfindən: "Elə azərbaycanlı var ki, bu günün özündə Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniya aparır, soydaşlarımızı hakimiyyətə qarşı ələ almağa cəhdlər göstərir. Bizim əsas məqsədimiz bu qüvvələrə qarşı da mübarizə aparmaqdır. Düzdür, çətin olacaq, amma ağır bir yükü daşımağa gücümüz yetəcəyinə əminik. Çünki, yanımızda ancaq vətənpərvər insanlar yer alıb. Heç bir maraq, mənafe güdmədən Azərbaycan dövlətinə xidmət edəcəyimizi qarşımıza məqsəd qoymuşuq".