“Azərbaycan İtaliya üçün önəmlidir” Siyasət

“Azərbaycan İtaliya üçün önəmlidir”

Sona Əliyeva: “İnvestisiya şirkətləri də Azərbaycan iqtisadiyyatında iştiraka xüsusi önəm verirlər”

“Azərbaycan enerji ixracatçısı olaraq Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilib və ölkəmiz bu baxımdan da İtaliya üçün maraqlıdır”. Bunu ekspert Sona Əliyeva deyib. O qeyd edib ki, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazının bir hissəsi İtaliya ərazisindən keçir: "Bu kontekstdə Azərbaycan İtaliya üçün önəmli olmaqla yanaşı, sözügedən ölkənin investisiya şirkətləri də Azərbaycan iqtisadiyyatında iştiraka xüsusi önəm verirlər.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıqla bağlı ikitərəfli saziş hazırlanıb. Azərbaycan artıq Aİ-nin 9 ölkəsi ilə bu kontekstdə ikitərəfli münasibətlər qurub, sazişlər imzalayıb. Dövlət başçısının səfəri ümumilikdə Azərbaycan-Avropa münasibətlərinin inkişafına təkandır. Bu baxımdan da Prezident İlham Əliyevin İtaliyaya səfəri təsadüfi deyil". Sona Əliyeva vurğulayıb ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevlə görüşündə münaqişənin sülh yolu ilə və tezliklə həllində maraqlı olduğunu bildirdi. Hazırda ATƏT-ə sədrlik edən bir ölkənin başçısından bu kimi sözləri eşitmək xoşdur. Ümid edirəm ki, İtaliya ATƏT-ə sədrliyi dövründə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərini daha da artıracaq.
Şübhəsiz ki, İtaliya ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq sənədləri bizim gələcək əlaqələrimizin konturlarını cızmış oldu. Bizim Avropanın mərkəzində İtaliya kimi strateji tərəfdaşımızın olması ölkəmizin Qərbi Avropadakı nüfuzunu daha da artırmaqdadır".