Cavid Osmanov: "Onların yeganə arzusu bu virusun ölkəmizdə daha geniş yayılmasıdır" Siyasət

Cavid Osmanov: "Onların yeganə arzusu bu virusun ölkəmizdə daha geniş yayılmasıdır"

“Dünya ölkələri və xalqlarının koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda ermənipərəst qüvvələr tərəfindən maliyyələşən Milli Şura və onun ətrafında birləşən bir qrup şəxs ölkəmizin bu istiqamətdə gördüyü işlərə kölgə salmaq istəyir”.
Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
C. Osmanov Milli Şuranın tutduğu mövqeni tənqid edib: “Bu ünsürlər ölkəmizdə həyata keçirilən tədbirləri özlərinin xeyrinə şouya çevirmək istəyirlər. Hələ koronavirus pandemiyasının yeni yaranma vaxtlarında ölkəmizdə çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirilib. Azərbaycan dövlətinin atdığı addımları dünyanın bir çox inkişaf etmiş ölkələri özlərində tətbiq edirlər. Təbii ki, həmin ölkələr bu tədbirlərin ölkəmizdə effektini görüb bunu edir. Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyasına qarşı effektli addımlar atıb, bu istiqamətə vəsait ayırıb, ölkəmizdə qısa müddət ərzində maska istehsal edən müəssisə yaradılıb, “Yeni klinika” istifadəyə verilib, ölkəmizin ən bahalı “5” ulduzlu otellərində insanlar karantinə yerləşdirilib, ən böyük xəstəxanalar bu virusa yoluxan insanların sağlamlığının qorunması istiqamətinə yönəldilib. Eyni zamanda Azərbaycan xalqı ölkə başçısı ilə həmrəylik nümayiş etdirərək, koronavirusa qarşı mübarizə fonduna ianələr köçürür. Belə bir məqamda bunlar bir daha öz çirkin siyasətlərini, niyyətlərini həyata keçirmək üçün bəziləri okeanın o tayında, bəziləri Avropanın ortasında, bəziləri isə daxildə oturaraq ermənipərəst qüvvələrin verdiyi vəsait hesabına dövlətin gördüyü bu işlərə ləkə gətirməyə, bununla xalq arasında təşviş yaratmağa çalışırlar”.
Millət vəkili qeyd edib ki, onların yeganə arzusu bu virusun ölkəmizdə daha geniş yayılmasıdır: “Azərbaycan dövləti ilin əvvəlində atdığı addımlarla, karantin rejimi ərzində kütləvi tədbirlərin qarşısını almaq, insanlar arasında virusa yoluxmanı azalmaq məqsədilə karantin rejimini tətbiq edəndə radikal müxalifət, Milli Şura insanları kütləvi tədbirlərə dəvət edirdilər. Mən onları 5-ci “kolon”ovirus adlandırıram. Məqsəd məhz Azərbaycan xalqı arasında bu virusa yoluxanların sayının daha çox olmasıdır. Bunlar da öz məkrli niyyətlərini ortaya qoymaq üçün Azərbaycan dövlətinin bu virusun qarşısını ala bilmədiyi görüntüsünü yaratmaq istəyirlər”.
C. Osmanov bildirib ki, həmin şəxslər neftin ucuzlaşmasını da toy-bayrama çevirirlər: “Çünki onlar yaxşı başa düşürlər ki, Azərbaycanın neftindən, qazından daha çox investisiya, vəsait, valyuta gəlir. Bu vəsaitlər isə Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılması istiqamətində xərclənir, Azərbaycan iqtisadiyyatının yaxşılaşdırılmasına yönəldilir. Neftin qiyməti düşən kimi hərəsi bir kamera qarşısında bunu toy-bayrama çevirir. Radikal müxalifət, Milli Şura, 5-ci “kolon”avirus öz məkrli niyyətlərini həyata keçirmək üçün 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olduğu zamanda etdiklərini təkrarlayır. Onlar istəyir ki, ölkəmizdə virusla bağlı təşviş yaransın, ölkəmizin iqtisadiyyatı çöksün”.