“Əsrin Müqaviləsi”nin imzalanmasının 20 illiyi Siyasət

“Əsrin Müqaviləsi”nin imzalanmasının 20 illiyi

Vaşinqtondakı Kennedi Mərkəzində keçirilən tədbirə Obama Administrasiyası təmsilçiləri də qatılıblar

Dövrün mürəkkəb şərtlərinə baxmayaraq, 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin Müqaviləsi" müstəqil Azərbaycanın çoxşaxəli enerji siyasətinin başlanğıc nöqtəsi kimi qəbul edilir. Azərbaycanın gələcəyinə inam nümayiş etdirmiş tərəfdaş dövlətlərin dəstəyi və nüfuzlu enerji şirkətlərinin iştirakı ilə Bakıda imzalanmış bu tarixi saziş 20 il sonra belə öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Sazişin imzalanmasının 20 illiyi ərəfəsində onun qazandığı zəfəri və bu zəfəri təmin etmiş beynəlxalq tərəfdaşlığı qeyd etmək məqsədilə Vaşinqtonun Kennedi Mərkəzində tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyi, "BP" şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Obama Administrasiyası təmsilçiləri, o cümlədən, ABŞ Dövlət Departamenti və Enerji Departamentinin yüksək rütbəli rəsmiləri, bir sıra Konqres üzvləri, Vaşinqtondakı diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirin açılış bölümündə çıxış edənlər "Əsrin Müqaviləsi"nin tarixi əhəmiyyəti, onun uğurlu icrası və yol açdığı digər əməkdaşlıq layihələri barədə danışıb, əldə olunmuş nailiyyətləri təqdir ediblər. Səfir Elin Süleymanov "Əsrin Müqaviləsi"nin imzalanması ilə Xəzər regionunun enerji ehtiyatlarının beynəlxalq bazara çıxış qazanması istiqamətində mühüm addım atıldığını vurğulayıb və bu istiqamətdə növbəti tarixi bir hadisənin qarşıdan gələn günlərdə, sentyabrın 20-da Bakıda keçiriləcək "Əsrin Müqaviləsi"nin 20 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş verəcəyini bəyan edib. O, həmin gün Bakıda Cənub Qaz Dəhlizinin təməlatma mərasiminin keçiriləcəyini və bu əlamətdar hadisənin bütün region və iştirakçı dövlətlər üçün yeni bir eranın başlanğıcı olacağına inamına ifadə edib. ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, sabiq konqresmen Bil Delahant və icraçı direktoru Süsən Sadıqova da "Əsrin Müqaviləsi" və onun Azərbaycan və regionumuzun inkişafına verdiyi töhfə barədə danışıblar.
Tədbirdə çıxış etmiş ABŞ Konqresinin üzvləri Cim Moran, Ruben Hinoyoza, Andre Karson, Henri Kuellar və Donald Peyn ilk növbədə ABŞ-Azərbaycan münasibətlərinin inkişafına dəstəklərini bildiriblər. Onlar ölkəmizin regionda tutduğu lider rolu qeyd edərək, Azərbaycan xalqına "Əsrin Müqaviləsi" nəticəsində əldə olunmuş uğura görə təbriklərini ifadə ediblər.
İlk dəfə Azərbaycana 20 il öncə, "Əsrin Müqaviləsi"nin imzalanmasından əvvəl səfər etdiyini deyən Cim Moran bu müddət ərzində ölkəmizin böyük bir inkişaf yolu keçdiyini deyərək, hər kəsi Azərbaycana səfər etməyə çağırıb. Ruben Hinoyoza Azərbaycan prezidentinin "qara qızılı insan qızılına" çevirmək devizi altında həyata keçirilən fəaliyyətləri təqdir edib.
Andre Karson da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. Bundan əlavə, Pit Qaleqo, Mayk Fitçpatrik və Stiv Stokman kimi konqresmenlər tədbirə qatılmaqla, Azərbaycana öz dəstəklərini nümayiş etdiriblər.
Tədbirin təşkilatçılarından biri "BP" şirkətinin nümayəndəsi, Cənub Qaz Dəhlizinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə vitse-prezidenti Co Mörfi və eləcə də Trans-Adriatik qaz kəmərinin (TAP) xarici işlər üzrə direktoru Maykl Hofman vaxtilə "Əsrin Müqaviləsi" haqqında səsləndirilmiş pessimist proqnozlara baxmayaraq, onun uğurla icra edildiyini bildirib və qarşıdan gələn günlərdə təməli atılacaq Cənub Qaz Dəhlizinin də eyni uğur qazancağına inamlarını bəyan ediblər.
ABŞ Administrasiyası adından çıxış etmiş Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Amos Hokştayn, enerji nazirinin köməkçisi Conatan Elkaynd və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin "Əsrin Müqaviləsi"nin bağlanması və həyata keçirilməsinə ABŞ-ın verdiyi həlledici və davamlı dəstəyi xatırladaraq, bu layihənin ABŞ və Azərbaycan arasında möhkəm əməkdaşlığa dəlalət etdiyini vurğulayıblar.
"Əsrin Müqaviləsi"nin imzalanmasının 20 illiyi ilə münasibətilə Bakıda keçiriləcək tədbirə qatılacaq Amos Hokştayn və 20 il öncə Bakıda tarixi mərasimin iştirakçısı olmuş Conatan Elkaynd Cənub Qaz Dəhlizi layihəsinin geniş perspektivlərini xüsusi qeyd ediblər. Erik Rubin isə öz növbəsində ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti vurğulayaraq, bu münasibətlərin konstruktiv tərəfdaşlıq və qarşılıqlı anlaşma üzərində qurulduğunu ifadə edib.

TURQUT