“AMEA-nı müasir universitetə çevrimək lazımdır” Siyasət

“AMEA-nı müasir universitetə çevrimək lazımdır”

Qüdrət Həsənquliyev: “Onun da başına gənc, müasir düşüncəli insan gətirilməlidir”

“Ali Atestasiya Komissiyası SSRİ dövründən qalma qurumdur. Dövlət hazırda ciddi islahatlar keçirir. Hesab edirəm ki, bu qurum ləğv edilməlidir”. Bu fikirləri Milli Məclisdə “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib.
Millət vəkili bildirdi ki, dünyanın hər yerində universitetlərin özlərinin elmi dərəcəsi var: “Universitetlərdə müdafiə edirlər və elmi dərəcələr alırlar”.
Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası da (AMEA) sovetlər dönəmindən qalma elm ocağıdır: “Dünyanın hər yerində ən ciddi elmi tədqiqatlar universtetlərin laboratoriyalarında aparılır. Bizdə humanitar sahələri çıxmaq şərti ilə AMEA-da hələ son illər ciddi elmi nəaliyyət haqqında mətbuatda məqalə oxumamışam. AMEA-nı müasir universitetə çevrimək lazımdır. Onun da başına gənc, müasir düşüncəli insan gətirilməlidir. Özəlləşdirilməlidir, özəl universitet olmalıdır”.