Ermənilərin cəhdləri boşa çıxdı Siyasət

Ermənilərin cəhdləri boşa çıxdı

AŞPA-da Dağlıq Qarabağla bağlı xüsusi məruzəçi təyin edildi

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Siyasi İşlər və Demokratiya Komitəsinin toplantısı keçirilib. Komitənin toplantısında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı hesabatın hazırlanması ətrafında müzakirələr aparılıb və bu məsələ üzrə Böyük Britaniyadan olan parlamentar Robert Valter məruzəçi təyin edilib.
Komitədəki müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya açıqlamasında bildirib ki, iclasda onun təqdim etdiyim qətnamə layihəsi ilə bağlı AŞPA Bürosunun 2 sentyabr tarixində qəbul edilmiş və 29 sentyabr tarixində plenar iclasda təsdiqlənmiş qərarı əsasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin olunub: "Məruzəçi Robert Valter oldu. Səsvermədə Robert Valter 35 səslə AŞPA-nın keçmiş sədri, fransalı deputat Jan-Klod Minyonu 3 səslə üstələdi. Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti, AŞPA-dakı ermənipərəst qruplaşmalar, dünyanın aparıcı güc mərkəzlərindəki ermənipərəst qüvvələr Ermənistanın işğalçılıq siyasətini ifşa edən, bu işğalçı dövlətə qarşı sanksiyaların tətbiqini tələb edən hər hansı bir sənədin nəinki qəbulunun, hətta hazırlanmasının qarşısını almaq üçün bütün imkanlarını səfərbər ediblər. Lakin biz ümid edirik ki, yeni təyin edilmiş məruzəçi təzyiqlərə baxmayaraq, obyektiv məruzə hazırlayacaq"
Ermənistan nümayəndə heyətinin üzvləri hər vəchlə hesabatın adının dəyişdirilməsinə çalışıblar. Lakin səsvermələrdə məruzənin adı dəyişilməyərək olduğu kimi, yəni "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" kimi qalıb.