Kamran Bayramov: Azərbaycanın beynəlxalq əməkdaşlıqda fəallığı yüksək dəstək və qiymət almaqdadır Siyasət

Kamran Bayramov: Azərbaycanın beynəlxalq əməkdaşlıqda fəallığı yüksək dəstək və qiymət almaqdadır

Azərbaycan Respublikasının dostluq, əməkdaşlıq və həmrəylik niyyətlərini özündə əks etdirən və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasəti dünya dövlətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin bərqərar olunması, onların Azərbaycanın irəli sürdüyü təşəbbüslərə yekdilliklə qoşulması, dövlətimizin beynəlxalq həmrəylik məsələsində ən aparıcı rol oynaması üçün əlverişli şərait yaradıb.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, dünyanı koronavirus pandemiyasının bürüdüyü, bu sahədə beynəlxalq əməkdaşlığa, müvafiq təcrübə mübadiləsinə ciddi zərurətin olduğu bir dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu qlobal bəla ilə mübarizə mövzusunda videokonfranslar vasitəsilə aprelin 10-da Türk Şurasının fövqəladə Zirvə görüşünün, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi Azərbaycanın qlobal problemlərə biganə qalmadığını, bu problemlərin həllində təşəbbüskar qismində çıxış etmək iqtidarında olduğunu açıq-aydın göstərdi: “Bu tədbirlərin keçirilməsi nəticəsində dünya dövlətləri bu günlərdə möhkəm həmrəyliyin və əməkdaşlığın dünya və onun əhalisi üçün nə qədər əhəmiyyətli olmasının canlı şahidi oldular. Azərbaycanın beynəlxalq əməkdaşlıqda bu cür fəallığı yüksək dəstək və qiymət almaqdadır”.
Dünyanın inkişaf etmiş aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmaqda çətinlik çəkdiyini deyən deputat belə bir şəraitdə bu mövzuda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsünün təşkilatın üzvü olan 130-dək dövlət tərəfindən dəstəklənməsinin Azərbaycana və onun rəhbərinə dünya birliyi tərəfindən göstərilən etimadın və verilən dəyərin bariz təzahürü olduğunu söyləyib.