Qubad İbadoğludan İsa Qəmbərə etiraz Siyasət

Qubad İbadoğludan İsa Qəmbərə etiraz

"Araşdırma başlamamışdan qoyduğumuz məsələləri şübhə altına alır"

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu İsa Qəmbərə etiraz edib. Qubad İbadoğlu Müsavatın sabiq başqanı İsa Qəmbərin partiya Məclisinin son iclasında qoyduğu suallara aydınlıq gətirib.
O, özünün facebook hesabında yazıb: "Mətbuatda geniş yer almış bir məsələyə dair mövqeyimi gec də olsa bölüşmək istərdim. İsa Qəmbərin partiya Məclisinin son iclasında qoyduğu sualların hər birinə aydın və faktlara söykənən cavablarım vardır. Onlardan birini indi açıqlayıram: mən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin məqsədli şəkildə bir namizədin xeyrinə formalaşdırılmış tərkibinə etiraz əlaməti olaraq, səsvermələrdə iştirak etməməklə, onun legitimliylini bir neçə iclas ərzində tanımamışam. Sonradan gərginlik yaratmamaq üçün kompromisə gedərək, müzakirələrdə və səsvermədə iştirak etmək qərarını vermişəm.
Digərlərinə gəlincə, "Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair Arayış"da qoyulan məsələlərə partiyanın müvafiq strukturlarından cavab alandan sonra onların da hər birinə dair mövqeyimizi açıqlayacağıq. Baxmayaraq ki, təqdim olunan arayışda qoyulan məsələlər artıq İsa Qəmbər tərəfindən araşdırma başlamışdan əvvəl şübhə altına alınıb, lakin biz müraciətimizə rəsmi cavabı gözləyirik".