İşimizə qarışmayın Siyasət

İşimizə qarışmayın

Azərbaycan XİN: "ABŞ-ın davamlı və əsassız müdaxilələri qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır"

"Amerika Birləşmiş Ştatlarının davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir". Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün 15 oktyabr tarixli açıqlamasına cavab olaraq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub: "ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. İnsan hüquqları məsələsinin xarici siyasət aləti edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salıb. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımından yanaşmaq yolverilməzdir. İnsan hüquqlarının "carçısı" qismində çıxış edən dövlətlərin və konkret bu halda ABŞ-ın Ermənistanın işğalı nəticəsində ən ibtidai hüquqlardan belə məhrum olmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarına və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayiq olardı".