1988-ci ildə Ermənistandan qaçan azərbaycanlı: Bizi ölümlə hədələyirdilər Siyasət

1988-ci ildə Ermənistandan qaçan azərbaycanlı: Bizi ölümlə hədələyirdilər

Əslində, mən hələ 1988-ci ildən əvvəl Ermənistanda baş verən prosesləri çox aydın şəkildə görürdüm, həmin zamanlarda ermənilər orada yaşayan azərbaycanlıları yalnız ölümlə hədələyirdilər.

Bunu 1988-ci ildə Ermənistandan deportasiya edilən Vilayət Məmmədov deyib.
1959-cu ildə Ermənistanın Amasya rayonunda doğulduğunu deyən V.Məmmədov ali məktəbi bitirdikdən sonra İsmayıllı rayonunda riyaziyyat müəllimi işlədiyini, lakin 1986-cı ildə atasının səhhəti ilə əlaqəli öz doğma kəndlərinə qayıtdığını söyləyib.

V.Məmmədov qeyd edib ki, 1986-cı ildən 1988-ci ildədək doğulduğu kəndin orta məktəbində riyaziyyat müəllimi kimi çalışıb:

“Lakin 1988-ci ildəki məlum hadisələrə görə biz oradan qaçmışıq. Mən buna “deportasiya edilmək” deyə bilmərəm, çünki biz edilən hücumlara, təqiblərə görə sözün həqiqi mənasında oradan qaçmışıq. Həmin vaxt ermənilər tərəfindən bütün giriş-çıxış yolları bağlanılmışdı, ərzaq almaq mümkün deyildi. Kəndimizin mağazasına bilərəkdən çörək gətirmirdilər. Ermənistandan qaçmaq üçün rayonda yaşayan əmim vasitəsilə milliyətcə rus olan sürücü tapdıq. Onun maşını ilə kənddən çıxdıq, amma bizi buraxmadıqlarına görə başqa bir yol - Kirovakan yolu ilə Ermənistandan çıxmağa çalışdıq. Lakin bu yolda da bizi saxladılar, sənədlərə baxıb azərbaycanlı olduğumu gördükdən sonra maşına hücum çəkdilər. Maşında iki azyaşlı övladım da var idi. Həmin vaxt bir rus polkovniki hücum edənlərin əlindən silahı aldı, sürücüyə də dedi ki, qapını bağla, yolda saxlama. Yolda gedəndə gördük ki, arxamızca 3 maşın gəlir. Onlardan birindən - “QAZ-69”dan bizə iki dəfə qoşalülə tüfənglə atəş açdılar. Atəş maşının sağ tərəfinə dəydi”.

Ermənistanı çox çətinliklə tərk etdiklərini deyən V.Məmmədov Azərbaycana gəldikdən sonra Sumqayıtda məskunlaşdıqlarını bildirib.

Onun sözlərinə görə, 1988-ci il noyabrın 27-də axşam saat 9-da kənddən çıxsalar da dekbarın 3-də Sumqayıta çatıblar.

Qeyd edək ki, V.Məmmədov hazırda Sumqayıt şəhərində 31 saylı orta məktəbdə müəllim işləyir.