Parisdə birgə bəyanatın imzalanması gözlənilir Siyasət

Parisdə birgə bəyanatın imzalanması gözlənilir

Ekspertlərə görə Rusiya regiona nəzarət etdiyi müddətdə Qarabağla bağlı danışıqlarda heç bir irəliləyiş gözlənən deyil

Cavid

Oktyabrın 27-də Ermənistan və Azərbaycan prezidentlərinin Fransa prezidenti Ollandın iştiraklı ilə üçtərəfli görüş keçirməsi gözlənilir. Görüşə Minsk qrupunun həmsədrləri də qatılacaq.
Erməni mətbuatı yazıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə Parisdə baş tutacaq danışıqlarında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın imzalanması gözlənilir.
"Aykakan Jamanax" qəzetinin diplomatik qaynaqlara istinadən yaydığı xəbərə görə, Fransa prezidenti Fransua Olland prezidentlərin birgə bəyannamə imzalamasına nail olmağa cəhd edir.
Prezidentlər Parisdə görüşməyə artıq ilkin razılıq veriblər və bu görüş oktyabrın 27-də baş tuta bilər. Lakin birgə bəyanatın imzalanması məsələsi hələ açıq qalır.
Bildirilir ki, Fransua Olland əvvəlcə İlham Əliyevlə və Serj Sərkisyanla ayrılıqda görüşəcək. Daha sonra görüşlər üçtərəfli formatda davam edəcək. ATƏT-in Minsk qrupu həmsədrlərinin də prezidentlərin görüşü ilə bağlı Parisə çağırıldığı bildirilir.
20 ildir davam edən danışıqlar ərzində Azərbaycan və Ermənistan prezidentləri tərəfindən münaqişəyə dair imzalanan yeganə sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsidir. Həmin vaxt Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə görüşən prezidentlər münaqişənin yalnız sülh yolu ilə nizamlanmasının vacibliyi, güc tətbiqindən çəkinməyə çağırışlar və tərəflər arasında etimadı artırmaq üçün humanitar mahiyyətli addımların atılması haqda müddəaların yer aldığı birgə bəyannaməyə imza atmışdılar.
Mayndroff bəyannaməsinin imzalanması danışıqlar prosesində imza atılmış ilk birgə sənəd olduğu üçün xeyli müzakirə olunub, lakin bu bəyannamə münaqişənin nizamlanmasına dair razılaşmanın əldə edilməsinə kömək etməyib.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, Almaniya regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri diqqətlə izləyir.
Nazir bildirib ki, Ukrayna aylarla onları məşğul edib, amma Dağlıq Qarabağ münaqişəsinə də narahatlıqla baxırlar: "Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Parisdə keçiriləcək görüşünə ümidlə baxırıq və bu görüşün donmuş mövqelərin yumşalmasına, prosesin davamlı həllini tapmasına gətirəcəyinə ümid edirik".

XİN rəhbəri əlavə edib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təcrübəli alman diplomatdır və bu məsələdə Almaniyanın, Aİ-nin rolunu görmək istəyirlər.
Millət vəkili Fərəc Quliyevin fikrincə, Ermənistan bütün hallarda indiki status-kvonun saxlanmasına çalışır və vəziyyətin düzəlməsini istəmir. Buna görə də əlindən gələni edir ki, münaqişənin həlli günü-gündən uzansın.
Onun sözlərinə görə, ermənilər bəzi elementlərdən təzyiq vasitəsi kimi istifadə edirlər: "Vəziyyətin dəyişməsi qaçılmaz olanda belə hakimiyyətin dəyişməsi səviyyəsinə qədər gedirlər. İndi də Ermənistanda baş verən nümayişlər, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Fransada görüşməsi ərəfəsində əsir düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəməsinin keçiriləcəyi iddiasının ortaya atılması əbəs yerə deyil. Hesab edirəm ki, bu məsələdən özlərinə qarşı silah kimi istifadə etməyi bacarmalıyıq. Dinc sakinlərin vətənində tutulması, cəzalandırılması və öldürülməsi ilə məşğul olan Ermənistanı ittiham etməyi bacarmalıyıq. Nümunə olaraq da onların əməllərini bu məhkəmə əsasında ifşa edə bilərik".
Fransada keçirilməsi planlaşdırılan görüşə gəlincə, Fərəc Quliyev hesab edir ki, bu görüşdə də yeni heç bir nəticə ortaya çıxmayacaq: "Hətta bundan sonra Ermənistanla münaqişənin həlli istiqamətində danışmağın mənası yoxdur. Buna görə də bu istiqamətdə Azərbaycan fərqli yanaşma nümayiş etdirməlidir".
Politoloq Vəfa Quluzadə də prezidentlərin Parisdə keçiriləcək görüşündən heç bir gözləntisinin olmadığını bildirib. O, "Azadlıq" radiosuna müsahibəsində deyib ki, Rusiya regiona nəzarət etdiyi müddətdə danışıqlarda heç bir irəliləyiş gözlənən deyil: "Ermənistan hələ ki, Rusiyanın tam nəzarətindədir. O müstəqil dövlət kimi bir addım atmaq iqtidarında olsa, böyük irəliləyiş əldə etmək olar. Ermənistan bu dəfə həqiqətənÿdə sülhdə maraqlı olduğunu bildirsə, Rusyadan fərqli mövqe qoysa, bu, həqiqətən də irəliləyiş ola bilər. Ancaq mən hələ belə bir şey gözləmirəm. Çünki Rusiya hələ də Cənubi Qafqaz regionuna nəzarət edir. Ukrayna böhranı nəticəsində Rusiyanı zəiflətmək mümükün olarsa, Rusiya sanksiyalara görə imperiya mövqelərindən çəkilərsə və Ermənsitan müstəqilliyə doğru addım ata biləcəksə, bu, həqiqətən də irəliləyiş ola bilər və bunun əsası Parisdə qoyula bilər".
"Dağlıq Qarabağ münaqişəsi üzərindəki inhisar hələ də Rusiyaya məxsusdur. Qarabağ probleminin həllində Rusiyanın sözü daha keçərlidir". Bunu isə politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonu şərh edərkən deyib. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçiriləcək görüşünün perspektivləri barədə söz açıb. Onun sözlərinə görə, Parisdə aparılacaq sülh danışıqları barədə pozitiv proqnozlar vermək olmaz: "Ona görə ki, Rusiya münaqişə tərəfi olan Ermənistana nə deyəcəksə, o da buna əməl edəcək. Paris görüşü ərəfəsində erməni tərəfi özünü tamamilə qeyri-konstruktiv aparır. Dağlıq Qarabağdakı separatçı rejimin "prezidenti" Bako Saakyan Minsk qrupu həmsədr ölkələrinin rəhbərlərini Dağlıq Qarabağa çağırıb. Onlar bununla görüş qabağı mühiti gərginləşdirməyə çalışırlar".
Politoloq deyib ki, Rusiyanın Ermənistanın təxribatlarına qarşı susqunluq nümayiş etdirməsi başqa təzadlara yol açır. Onun fikrincə, bu baxımdan, Paris danışıqları sülhyaratma prosesi mənasında ciddi rol oynamayacaq: "Çünki Ermənistan da buna hazır olmadığını nümayiş etdirir. Bununla belə, politoloq Parisdə Azərbaycanın böyük sülh sazişi ilə bağlı təkliflər irəli sürəcəyi qənaətindədir: "Lakin bunun Ermənistan və Minsk qrupunun həmsədr dövlətləri tərəfindən necə qarşılanacağı haqda bir şey demək çətindir".
Politoloq Natiq Mirinin fikrincə isə prezidentlərin Soçi görüşü ərəfəsində cəbhə xəttində hərbui faza aktiv idi: "Lokal döyüşlərin böyük bir savaşa çevrilməməsi üçün Rusiya hərəkətə keçdi.Əslində bir çoxlarının fikirlərinə görə, hərbi təxribatların da mənbəyi Rusiya idi. Dərhal Soçi görüşünün təşkil olunması və ondan sonra atəşkəsin təmin olunması da göstərdi ki, bu Rusiyanın geosiyasi maraqlarına xidmət edən bir görüş idi".
N.Miri qeyd edib ki, ABŞ dövlət katibi Kerrinin təşəbbüsü ilə prezidentlər arasında keçirilən görüşdən sonra Fransa prezidentinin Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün keçirilməsi ilə bağlı niyyəti də məhz Rusiyanın bu monopoliyasına qarşı yönəlib.
"Amma bu məqsədi çatmaq üçün təkcə Azərbaycan kifayət etmir, Ermənistanın da müəyyən mənada razılığını almaq lazımdır. Azərbaycanın müstəqil siyasətindən fərqli olaraq Ermənistan müstəqil siyasi iradəyə sahib ölkə deyil. On görə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə yanaşı digər bir proses işə salınacaq. Söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin açıqlamsından gedir. Bu proseslər paralel gedəcək ki, Ermənistanı tədricən Rusiyanın təsirindən çıxarmaq mümkün olsun. Bu baş tutarsa, Dağlıq Qarabağ münaqişəsini də Rusiyanın monopoliyasından çıxarmaq mümkün olacaq", - politoloq söyləyib.