Dövlət başçısı Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edib Siyasət

Dövlət başçısı Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edib

İlham Əliyev: "İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisədir"

"İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisə və böyük şərəfdir". Bunu dünən Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Əlbəttə, gələcəkdə daha çox forumlar keçiriləcək, lakin bu forum tarixdə qalacaq. Biz forumun keçirilməsi üçün Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə göstərdiyi səylərin tanınması kimi baxırıq".
Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən vacib prioritet istiqamətlərdən biri təhsildir: "Biz ölkədə demək olar ki, yüz faiz savadlılığın təmin olunmasına görə qürur duyuruq. Gənclər siyasətinə gəldikdə, Azərbaycanda möhkəm qanunvericilik bazası mövcuddur".
Dövlət başçısı Azərbaycanın beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq sayəsində bu sahədə daha böyük uğurlara nail ola biləcəyinə ümidini ifadə edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti artıq bir neçə ildir ki, gənc nəsil üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Вu il xaricdə ölkə gənclərinin təhsil almasına 40 milyon avroya yaxın vəsait yönəldilib: "Biz, həmçinin universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında daha çox əlaqələrin olmasını istəyirik. Biz belə siyasətin üstünlüyünü görürük, çünki bu gün Azərbaycanın gənc nəsli yeni, müasir, müstəqil ölkənin yaradılmasında fəal iştirak edir".
Dövlət başçısı vurğulayıb ki, hökumətin prioritetlərindən biri idmanın inkişafıdır. Prezidentin sözlərinə görə, eyni zamanda, idman Azərbaycan cəmiyyətinin həyatının ayrılmaz tərkib hissəsinə çevrilib.
İlham Əliyev deyib: "Biz fəxr edirik ki, Azərbaycan çoxsaylı Avropa və dünya çempionatlarının keçirildiyi ölkəyə çevrilib və gələn il ölkəmizdə ilk Avropa Oyunları təşkil ediləcək ki, bu da tarixi hadisə olacaq. Avropa Oyunları Pan-Amerika, Asiya və Afrika Oyunlarından fərqli olaraq daha əvvəl keçirilməyib. Avropa Oyunları ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Bu, əslində Azərbaycanın beynəlxalq məsələlərdə rolunu aydın göstərir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın əsas uğurlarından biri unikal mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühitinin mövcudluğudur: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, vətəndaşlarımızın hamısı sülh şəraitində yaşayır və biz sivilizasiyaların dialoquna töhfə veririk. Ölkəmizdə iki dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, dörd dəfə isə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib ki, biz bu tədbirlərdə, əsasən, mədəni müxtəliflik, multikulturalizm, dünyanın müxtəlif guşələrindən olan insanların birlikdə necə işləyə, əməkdaşlıq edə və interaktiv ola bilmələri məsələlərinə baxmışıq".
Azərbaycan Prezidenti bildirib ki, ən böyük təhdidlərdən biri sivilizasiyalar arasında dialoqun kifayət qədər olmamasıdır: "Biz əməkdaşlıq, daha çox anlayış, daha çox dəstək prosesinə öz töhfəmizi verməyə çalışırıq və bunun yaxşı nəticələr verəcəyini düşünürəm".
İlham Əliyev bildirib ki, Azərbaycan iki ildən bir qədər əvvəl ictimai xidmətlərin yeni sistemini - "ASAN xidmət"i işə saldı: "Bu, bir məkanda 30-a yaxın ictimai xidmətin göstərildiyi "bir pəncərə"dir. ASAN sistemindəki əməkdaşların və könüllülərin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bu gün bir çox fəaliyyət sahələrində yaxşı təlim görmüş, təhsilli, vətənpərvər, Azərbaycanın inkişafına sadiq gənc menecerlər var. Əminəm ki, yaxın illərdə bu tendensiya daha güclü olacaq. Beləliklə, bunlar əsas vacib istiqamətlərdir. Azərbaycan gənc ölkədir - müstəqilliyinin cəmi 23 yaşı var, ölkə əhalisi gənc, dinamik, çox fəaldır. Fəal dövlət siyasəti gənc nəsli ölkənin iqtisadi və siyasi həyatının bütün sahələrinə cəlb edir".